Bizim əsas problemlərimizdən biri də futbola yanaşmamızın düzgün olmamasıdır. Özü də bu yanaşma dünənin, ya da srağagünün problemi deyil. İllərdir ki, futbol ictimaiyyətinin bu yanlış yanaşmasından əziyyət çəkirik. Zaman-zaman bu mövzuya toxunuruq, araşdırmalar aparırıq, ortaya faktlar qoyuruq. Təəssüflər olsun ki, kütlə ya başa düşmür, ya da başa düşmək istəmir.


Təxminən 12-13 il bundan əvvəl “Qarabağ”la birlikdə səfərə çıxan tanınmış redaktorlardan biri Qurban Qurbanovdan soruşmuşdu ki, onun komandası nə üçün 5-10 milyon dollarlıq “peşəkar hücumçu” transfer etmir. Sual müəllifi və onunla həmfikir olanlar düşünürdülər ki, belə “peşəkar hücumçular” transfer edilən kimi azı Avropa Liqasının kuboku Azərbaycana gələcək. Dostlarımızdan biri danışır ki, o vaxt Yevlaxın “Karvan” komandası UEFA kubokunda mərhələ adlayandan dərhal sonra kluba sponsorluq edən oliqarx belə deyib: “O UFA kubokunu biz qazanmalıyıq”. Təsəvvür edirsiz, adam kubokun adını düzgün ifadə edə bilmir, amma kubok qazanmağı arzulayır. Elə fikirləşir ki, onun xərclədiyi 2-3 milyonla Avropanın ən güclüsü olmaq mümkündür.


“Qarabağ”ın büdcəsini “Qalatasaray”la müqayisə edə bilərik? Əlbəttə ki, yox. İstanbul təmsilçisinin heyəti “ulduzlarla” doludur. Amma Avropa Liqasında “Qarabağ”dan cəmi bir mərhələ irəli gedə bildi. Çempionlar Liqasında isə Zaqreb “Dinamo”sundan qat-qat zəif olan “Yanq Boyz”a uduzub, qrup mərhələsindən kənarda qaldılar. Ona görə də deyirəm ki, futbola futbol kimi yanaşmaq lazımdır. Milyonları öz sehrinə salan bu “top oyunu” çox mürəkkəb bir fəlsəfəyə sahibdir. Hər pulu olan futbolda uğur qazana bilmir. Heç qazana da bilməz. Digər İstanbul nəhəngi “Fənərbaxça” illərdir milyonları havaya sovurur, nəinki qitə səhnəsində uğura həsrət qalıblar, heç Türkiyə çempionu olmağı bacarmırlar.


Hər bir ölkənin futbolunun vəziyyəti onun milli komandalarının nəticələri, çempionatının səviyyəsi ilə məlum olur. Bizim millinin nəticələrindən danışmağa dəyməz. Danışdıqca qanımız qarılır. Çempionatımız da gözümüzün önündədir. Çoxlarının zəiflədiyini düşündüyü “Qarabağ” turnir cədvəlinin şəksiz lideridir, növbəti çempionluğuna doğru inamla irəliləyir. Dünən “Qarabağ” “Sabah”la bərabərə qalıb. Dərhal da Qurbanova sual ünvanlanıb ki, rusiyalı çalışdırıcılar ona qarşı yaxşı nəticələr qazanıblar. O rusiyalı çalışdırıcılar Azərbaycanda hansı ciddi uğurla yadda qalıblar ki?! Avrokuboklarda da gözə dəyən heç bir nəticə yoxdur. Qurban Qurbanov Kurban Berdıyevin çalışdırdığı “Kayrat”ı UEFA Konfrans Liqasının qrup mərhələsində hər iki oyunda üstələmişdi. “Turan Tovuz” hazırda “Qarabağ”dan 18 xal geridərir, “Sabah” isə 25 xal!


“Zəiflyib, hücumçusu yoxdur” dedikləri “Qarabağ” çempionatda rəqiblərinin qapısına 60 qol vurub. Statistikaya baxanda görürük ki, digərləri heç 40 qol həddini keçə bilməyiblər. Rəqiblər isə “Qarabağ”ın qapısına cəmi 15 dəfə yol tapıblar ki, bu göstəriciyə görə də “köhlən atlar” digərlərindən öndədir. Vurulan və buraxılan qollar arasındakı saldo + 45-ə bərabərdir ki, digərləri bunun heç yarısı ilə öyünə bilmirlər. “Qarabağ” bir qədər də güclənsə, digər klublarımızın halı necə olacaq? Təsəvvür etmək belə çətindir. “Qarabağ”ın zəiflədiyini iddia edənlər isə “tez-tez deyək, bəlkə reallaşdı” düşüncəsində olanlardır.