“Qarabağ”la eyni səviyyədə çıxış edirik” – “Bazel”in baş məşqçisi
- 15 Sen 2021 20:32
- 497
İsveçrənin “Bazel” komandasının baş məşqçisi Patrik Rahmen Konfrans Liqasının qrup mərhələsinin ilk turunda “Qarabağ”a qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, bu gün Bakıda baş tutan mətbuat konfransında bunları söyləyib:
“Bu oyuna yaxşı hazırlıq keçmişik. Rəqib haqqında məlumat toplamışıq. Mövsümə yaxşı başlamışdıq. Məqsədimizə nail olaraq Konfrans Liqasının qrup mərhələsinə yüksəldik. Çempionatda sonuncu dəfə "Luqano" ilə matçda yaxşı oynadıq, amma qələbə qazana bilmədik. Bu səbəbdən psixoloji təzyiq olacağını düşünmürəm.
“Qarabağ”la eyni səviyyədə çıxış edirik. Biz də oyun ərzində topa sahib olmaq niyyətindəyik. Sabah eyni səviyyəli komandalar üz-üzə gələcək. Bizi maraqlı oyun gözləyir. Qrupda yalnız Qazaxıstan "Kayrat"ı haqqında elə də çox məlumata sahib deyiləm. Çətin qrupa düşdüyümüzü deyə bilərəm. Hamısı güclü rəqiblərdir. Kiprin "Omoniya" klubunu da unutmaq olmaz. Bizi qarşıda maraqlı görüşlər gözləyir.
Bizi çətin və güclü rəqiblə matç gözləyir. Məqsədimiz hər görüşdə qələbə qazanmaqdır. Sabah da yaxşı oyun nümayiş etdirmək və 3 xal qazanmaq istəyirik. Avropa çempionatı zamanı İsveçrə millisinin oyunlarını baxmışam. Bakı Olimpiya Stadionu çox yaxşı arenadır".
"Qarabağ"ın bir neçə oyununu izləmişəm. Cinahda aktiv olan futbolçuları bizə çətinlik yarada bilər. Bizi gərgin və maraqlı qarşılaşma gözləyir. Sabahkı oyun üçün səbirsizlənirik".
Sentyabrın 16-da Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Bazel" matçına saat 20:45-də start veriləcək.