“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyun barədə fikirlərini bölüşüb.

Rekord.az xəbər verir ki, rumıniyalı mütəxəssis klub telekanalına müsahibəsində bu görüşün əsl derbi ab-havasında oynanılacağını bildirib:

“Fasilədən sonra "Qarabağ"la oyunumuz var. Bu rəqiblə matçlar hansı səviyyədə olduğumuzu göstərəcək. Tamaşaçıların çox olduğu stresli qarşılaşmaya çıxacağıq. Qələbə qazanacağıma ümid edirəm".

Azərbaycandakı işindən də söz açan 47 yaşlı baş məşqçi burada çalışmağın xoş təcrübə olduğunu söyləyib: "Amma hələlik ölkə futbolu haqqında fikir bildirmək tezdir. Hər liqanın öz cazibəsi var və bu təcrübə məni cəlb edir. Hələlik "Neftçi"də işlərim yaxşı gedir".

O, Konfrans Liqasının 3-cü təsnifat mərhələsində iki oyunun (2:1, 0:2) nəticəsinə görə Avstriyanın "Rapid" (Vyana) klubuna uduzaraq, mübarizəni dayandırmalarına da toxunub: "Təəssüf ki, komandanı turnirə daha yaxşı hazırlamaq üçün kifayət qədər vaxtımız olmadı. Daha yüksək səviyyəli komandaya qarşı yaxşı oyunla məğlub olsaq da, mübarizəni davam etdirməliyik".

“Qarabağ” – “Neftçi” matçı oktyabrın 1-də “Azərsun Arena”da baş tutacaq.