Qaranın zorla təqaüdə göndərildiyi boy
- 31 May 2024 10:10
- 388
Bir vaxtlar Zaur Tağızadə adında futbolçu var idi — «Qızıl oğlan» deyirdik ona. Bu istedadlı insan 30 yaşı olan kimi, futboldan getdi. Daha doğrusu, məcbur qaldı. Və daha doğrusu, onu «kulturnı» şəkildə bu qərara təhrik etdilər.
İndi isə sanki növbə Qara Qarayevə çatıb. Onu bir neçə ay əvvəl meydanda «Neftçi» formasında görərkən, mən düşündüm ki, bu, Qara üçün yeni imkan deməkdir. Özünü həm təcrübəsi, həm də oyun istəyi ilə göstərməsi üçün. Göstərə bildi də. Bu gün qarasıyca danışdığımız Mutu belə, Qaraya güvənmişdi. Rzaya güvənmişdi. Ozobiçə güvənmişdi… Və bu şəxslər işə yaradıqlarını sübut etdilər.
Əlbəttə, yaş öz sözünü deyir. Amma hərdən Ozobiç də meydanda elə «hoqqa» verir ki, biz bu cür performansın yarısının yarısını nə Melanodan, nə də Boqomolskidən görə bilmirik. Qaranın da uzaq ötürmələri, dağıdıcılıq qabiliyyəti mükəmməldir. Mövqeyində yetişib-bişən adam belə olur.
Bojoviç gələndən sonra, Qara daha az oyun vaxtı almağa başlayıb… Milliyə də çağırılmadı. Arif Əsədovun «nəzərimdədir» deməsinə rəğmən. Arif Əsədov sanki gözlərimizə kül üfürdü…. Bir daha ruslar demiş, «neujeli», Qara milliyə faydalı ola bilməzdi? Bəlkə, Qaranın yerinə ən az onun səviyyəsində alternativ tapmısınız, bizim xəbərimiz yoxdur?
Əlbəttə ki, gənclərə şans verilməlidir, amma ən azından, bu toplanışda Qara da olmalı idi, öz təcrübəsini gənclərlə bölüşə bilməsi üçün. «Transfermarkt» saytında Qara Qarayevin səhifəsinə nəzər salsaq, klublarda 470 oyun keçirib — 33 min 782 dəqiqə. Yığma formasında isə Qara 83 oyunda (Millidə 76, U21-də 5 oyun, U19-da 2 oyun) meydana çıxıb.
Almeydanı 33 yaşında meydana buraxan, amma Qaranı dəvət etməyən Byazinin özü gedib, amma «mədəni irsi» bizimlədir. Belə baxıram, Qaranı «qocalmaq" bəhanəsilə vaxtından əvvəl təqaüdə göndərəcəklər. Kimlər? Qoca təfəkkürlü adamlar. Həm də qara fikirli. Lətifəsi bizim Qaradan uzaq.
«Neftçi» isə cavanlaşmağa doğru gedir. 30 yaşında Melano, 31 yaşında Mirzov… Hələ biri də gəlir… 31 yaşında bir hücumçu imiş... 23 yaşlı Alfa Konte isə qıy vurur ki, məni almısınızsa, bəs niyə oynatmırsınız… Heszad, kefinizdə olun.
Rüfət Əhmədzadə
müəlliflə əlaqə: [email protected]