“Qarşımızda istəkli rəqib var idi” - Qurban Qurbanov
- 20:15
- 23
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 14-cü turu çərçivəsində səfərdə "Səbail"ə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, təcrübəli mütəxəssis 3:0 hesabı ilə qalib gəldikləri matçı belə şərh edib:
“Futbolçularımı təbrik edirəm. Bu gün qalib gəlmək çox vacib idi. İstərdim ki, daha yaxşı oyun olsun. Meydança amili keyfiyyətli oyun oynamağa mane olurdu. Milli fasilədən sonra komanda demək olar ki, bu gün tam yığılmışdı. Futbolçular sona qədər oyunun içində oldular. Bu, mənim üçün vacib idi. Yaxşı komandaya qalib gəldik. Qarşımızda istəkli rəqib var idi. İnanıram ki, Cavid daha yaxşı komanda formalaşdıracaq. Ona uğurlar arzulayıram.
Bu gün hazır olan futbolçuları meydana buraxdıq. Sonradan xeyli rotasiyalar etdim. Bəzi futbolçuların oyun ritmini qoruyub-saxlaması lazımdır.
Bədavi Hüseynovun zədələnməsini istəməzdik. Son vaxtlar bəlkə də ən yaxşı oyunlarını keçirirdi. Digər oyunçuları hazırlayacağıq. Vaxtımız azdır, cəmi 2-3 məşqimiz olacaq. Çox istərdim ki, futbolçular sağlam olsunlar. Hansısa fiziki çatışmazlıqlar ola bilər. Bu üç gündə komandanı oyun planında tam hazırlamalıyıq. Rəqib topla çox yaxşı davranır. Fərdi olaraq da, ustalıq keyfiyyəti yüksək olan futbolçuları var.
Millinin futbolçularının heç birini ayırmaq istəmirəm. Hər biri azərbaycanlı oyunçulardır. Çox da şərh etmək niyyətində deyiləm. Belə məğlubiyyətlər hamımızın başına gəlib. Həmişə millimizin yanında olmalıyıq. Mənim üçün ən çətin suallar milli ilə bağlı olan suallardır. Orada mənim həmkarlarım var, həm də İcraiyyə Komitəsindəyəm. Xahiş edirəm, mənə bir də bu barədə sual verməyəsiz. Hər qurumun öz idarəçiləri var. Bu dəqiqə fikrim "Qarabağ"dadır”.