Qax bir vaxtlar Azərbaycan futbolunda yeri olan rayonlardan olub. Düzdür, demək olmaz ki, futbol bölgəsidir, təmsilçiləri iddialı olub, amma bu rayonu təmsil edən “Kürmük” ölkə futboluna yaxından bələd olanlar üçün tanış addı. Məhz bu komanda ilk milli çempionatlarımızda iştirak edən komandaların sırasında olub. Təəssüf ki, sonradan maliyyə sıxıntısı ucbatından fəaliyyətini dayandırıb. Amma Qaxın uşaq komandaları uzun illər ölkə çempionatının aktiv iştirakçılarından olub. Bir vaxtlar milli komandamızın da şərəfini qoruyan, hazırda isə “Zirə”də forma geyinən qapıçı Anar Nəzirov da Qax futbolunun yetirməsidir.

 

Rekord.az-ın əməkdaşı bu günlərdə Qaxda olub və sözügedən rayonun mərkəzi stadionuna da baş çəkib. Hansı ki, “Kürmük” bir vaxtlar məhz bu stadionda yüksək liqadakı ev oyunlarını keçirib, “Neftçi”, “Qarabağ”, “Kəpəz”, “Turan” kimi komandalar bu stadionda qonaq olub. Təəssüf ki, arenanın hazırkı durumu əksər bölgə stadionları kimi ürək ağrıdır. Baxımsız vəziyyətdə qalan Qax stadionu demək olar ki, heç kimin yadına düşmür. Nə AFFA-nın, nə də Qax rayon icra hakimiyyətinin. Bir tribunalı stadionun tutumu təxminən 3000 nəfər civarındadır. Mərkəzdəki az saylı plastik oturacaqları saymasaq, tribunaların ancaq daşı qalıb. Stadionun ot örtüyü də baxımsız vəziyyətdədir, ot-alaq basıb. Bir vaxtlar rəsmi və mötəbər şəxslərin əyləşdiyi VİP loja da yararsız durumdadır. Halbuki arenaya əl gəzdirilsə buranı ölkənin ən gözəl stadionlarından birinə çevirmək olar. Çünki dağlar qoynunda yerləşən stadionun mənzərəsinə söz ola bilməz. Hətta əsas arenanın arxasında ehtiyat meydança da var. İndi isə Qax stadionunun hazırkı durumunu özündə əls etdirən fotoları sizə təqdim edirik: