Aleksandr Jidkov “Neftçi”dəki karyerası haqda fanday.net saytına müsahibə verib.

1984-87-ci illərdə Bakı klubunun şərəfini qoruyan veteran qapıçı həmin dövrdə yaradılan şəraitdən ağızdolusu danışıb:
 

"Neftçi"də sovet komandalarına xas standart şərait var idi: mənzil, avtomobil və əlavə ödənişlər. 1984-cü ildə güclülər dəstəsində yerimizi qorumaq üçün "Paxtakor"la mübarizə aparırdıq. Son turda heç-heçə oynayıb 600 rubl mükafat aldıq. Bakıda dəbdəbəli baza tikilmişdi. Bu, SSRİ-də ən yaxşılardan biri idi. Kondisionerli otaqlarda yerə şərq xalçaları döşənmişdi. Açığı, maliyyənin mənbəyini bilmirdim. Amma Azərbaycan Kommunist Partiyasının birinci katibi Mircəfər Bağırov futbol azarkeşi olub. Güman edirəm ki, pul dövlət büdcəsindən gəlirdi. Həm Tiflisdə, həm də İrəvanda oxşar vəziyyət idi. Daşkənddə pambıqdan gələn gəlir “Paxtakor”a gedirdi".



Milli komandamızın sabiq qapıçısı "Neftçi"dən ayrılmasının səbəbinə də aydınlıq gətirib:
 

"SSRİ yığmasına çağrılmışdım. Valeri Lobanovski məni Moskva yaxınlığındakı Novoqorskda yerləşən ofisinə dəvət edib "millidə oynamaq istəyirsən? Kiyev "Dinamo"suna keç. Sən artıq "Neftçi"də oynayacaq səviyyəni keçmisən” dedi. Nə edə bilərdim? "İstəmirəm" deməliydim? Hətta rəqabət haqda belə düşünmədim. Kiyevdə Viktor Çanov, yığmada isə Rinat Dasayev var idi. Onlar heyətdəki yerlərini vermək fikrində deyildilər. Risk edib "Dinamo"ya yollandım. Həmin vaxt yalnız Azərbaycan Tibb İnstitutundan Kiyevə köçürülməyimi xahiş etdim. Lobanovski bu məsələni qısa zamanda həll etdi".




Jidkov söhbətə bu sözlərlə davam edib:
 

"Neftçi"yə keçdiyim vaxt hərbi xidmətə - MOİK və ya OİK-ə çağırılmaq ehtimalına görə Bakıda “sığortalanmışdım”. Yəni məni hərbi kafedrası olan ali məktəbdə gizlətmişdilər. Kiyevə yollanarkən 4-cü kursda oxuyurdum, diplomu Ukraynada aldım. Həftədə bir dəfə görünür, avtoqraf paylayırdım. Sanitar-gigiyena fakultəsində əyani təhsil alırdım. Bakıda oxuduğum vaxt "Mamalıq və ginekologiya" fənni üzrə də imtahan verməli olmuşdum. Müəllimlər futbolçu olduğumu yaxşı bilirdilər. "Bakıda, "Neftçi"də işlərin necə gedir?" kimi suallar verdilər. Fənn üzrə suallar gözlədiyim vaxt "bu mövsüm neçə penalti qaytarmısan?", - deyə soruşdular. "4" cavabını verdim. Əvəzində "qiymət kitabçanı ver, sənə elə 4 yazaq" söylədilər” (gülür).



Xatırladaq ki, Jidkov 1994-98 aralığında yığmamızın heyətində 21 oyuna çıxıb.