Qazax stadionu ilə bağlı yeni məlumat var.

Rekord.az xəbər verir ki, uzun müddətdir ki, baxımsız vəziyyətdə qalan sözügedən stadionun bəxtinə gün doğub.

Belə ki, bu yaxınlarda Qazaxda olan Gənclər və İdman naziri Fərid Qayıbov stadionda da olub və mövcud durumla yaxından tanış olub. Daha sonra isə arenanın təmir olunacağı ilə bağlı söz verib. Saytımıza açıqlama verən "Göyəzən"in baş məşqçisi, Qazax futbolunun tanınan simalarından olan Elxan Muradov da məlumatı təsdiqlədi: "Bəli, Fərid bəy həqiqətən də Qazaxda olub və stadiona da baş çəkib. Söz verdi ki, nazirliyin dəstəyi ilə təmir işləri aparılacaq. Dəqiq tarix deyilmədi, amma düşünürəm ki, yaxın zamanlarda işlərə başlanılacaq. Sizə deyim ki, bizim stadionun durumu bir çox stadionun durumundan daha yaxşıdı. Sadəcə, ot örtüyünə əl gəzdirmək, tribunaları yeniləmək lazımdır. Yəni elə də böyük xərc çəkmədən stadionu yaxşı duruma gətirmək mümkündür. Hər halda, səbirsizliklə təmir işlərinin başlanmasını gözləyirik".