Qazaxda ağırlıqqaldırma birinciliyi keçirilib
- 21 Okt 2023 21:30
- 360
Oktyabrın 21-də “Heydər Əliyev İli” çərçivəsində Qazax Rayon İcra Hakimiyyəti və Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş 2008-2011-ci il təvəllüdlü uşaq və yeniyetmələr arasında idmanın ağırlıqqaldırma növü üzrə region birinciliyi keçirilib.
Rekord.az xəbər verir ki, Qazax Olimpiya İdman Kompleksində keçirilən birinciliyə Qazax, Ağstafa və Tovuz rayonlarından 60-a yaxın idmançı qatılıb.
Birinciliyin təntənəli açılış mərasimində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, veteran idmançılar, ağsaqqallar və digər şəxslər iştirak ediblər. Öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənib, daha sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edib, idmançılara uğurlar arzulayıb, Kamran Nəbizadəni Azərbaycan Ağırlıqqaldırma Federasiyasının prezidenti, Firdovsi Umudovu federasiyanın vitse-prezidenti seçilmələri münasibətilə bir daha təbrik edib. İcra başçısı 2023-cü ilin xalqımız və dövlətimiz üçün əlamətdar bir il olduğunu dilə gətirib, Ulu Öndərin idman siyasətinin bu gün onun layiqli davamçıları ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyini bildirib.
Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov çıxış edərək yarış iştirakçılarını Federasiyanın prezidenti Kamran Nəbizadənin adından salamlayıb, səmimi təbriklərini çatdırıb, uğurlar arzulayıb. Bugünkü birinciliyin keçirilməsinə görə təşkilatçılara razılığını ifadə edən vitse-prezident bu cür yarışların idmançıların inkişaf etməsində mühüm rol oynadığını bildirib. Federasiya rəhbərliyi olaraq istər Qazaxda, istərsə də respublikamızın digər bölgələrində idmanın ağırlıqqaldırma növünün inkişaf etdirilməsi üçün qarşıya böyük məqsədlər qoyulduğunu, bu istiqamətdə lazımi addımlar atılacağını diqqətə çatdırıb. Umudov idmançılara Prezident İlham Əliyevin idman sahəsinə, idmançılara olan qayğısını, onlara olan etimadı qazandıqları nailiyyətlərlə doğrultmalarını tövsiyə edib.
Sonra Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev çıxış edərək idmançıları salamlayıb, onlara uğurlar arzulayıb. O, Ulu Öndər Heydər Əliyevin hər zaman Azərbaycan gəncliyinə, idmanına qayğı göstərdiyini bildirib.
Sonra yarışa start verilib. Qızlarda Nuray Əbilova (40 kq), Samirə Rzayeva (45 kq), Bahar Ocaqverdiyeva (49 kq), Ravilya Abbasova (55 kq) və Aytən Əliyeva (59 kq), oğlanlarda isə Səid Mahmudlu (40 kq), Mərdan Mərdalıyev (44 kq), Musa Məmmədtağıyev (49 kq), Musa Alməmmədov (55 kq), Lətif Əliyev (61 kq), Amin Məmmədtağıyev (67 kq), Nihad Süleymanov (73 kq), Allahverdi Qaragözov (81 kq), Muhammədəli Məmmədzadə (89 kq) və Aslan Əmiraslanov (96 kq) qızıl medal qazanaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Mükafatçılara Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallar təqdim olunub.
Federasiyanın vitse-prezidenti Firdovsi Umudov yarışı izləyəndən sonra qazaxlı idmançı və məqşçilərlə görüşüb, onları dinləyib, tövsiyələrini verib. O qeyd edib ki, federasiya bütün regionları, həmçinin Qazax regionunu diqqətdə saxlayır, yeni və daha böyük uğurların qazanılması üçün bütün addımlar atır və bu proses bundan sonra da davam etdiriləcək, ağırlıqqaldırma idman növünün inkişafı təmin ediləcəkdir.