Qazaxda dama turniri
- 23 İyl 2024 14:00
- 184
Qazax Gənclər Evində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaranmasının 30 illiyinə həsr olunmuş dama üzrə turnir keçirilib.Turnirdə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon Komitəsinin əhatə dairəsində olan idarə və müəssisələrdən 16 nəfər əməkdaş iştirak edib.
Rekord.az xəbər verir ki, turnirin açılış mərasimində Qazax -Tovuz Regional Gənclər və İdman İdarəsinin sektor müdiri Sahib Namazov, Qazax Gənclər Evi Sosial Xidmət Müəssisəsinin direktoru Vüsal Hüseynov və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon Komitəsinin sədri İsgəndər Qurbanov çıxış edərək, Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Gənclər və İdman Nazirliyinin yaranmasından, ölkəmizdə idmana göstərilən dövlət qayğısından, Ulu Öndər tərəfindən qoyulmuş dövlət gənclər və idman siyasətinin bu gün möhtərəm prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdıraraq, yarış iştirakçılarına uğurlar arzulayıblar.
Turnirin yekun nəticəsinə əsasən birinci yeri Ramil Muradov, ikinci yeri Sarvan Həsənov , üçüncü yerləri isə Rəhim Namazov və Natiq Hüseynov tutub.
Sonda qaliblərə Qazax - Tovuz Regional Gənclər və İdman İdarəsi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon Komitəsi tərəfindən diplom və hədiyyələr təqdim olunub.