Qazax Olimpiya İdman Kompleksində 44 günlük Vətən Müharibəsi şəhidi, ölümündən sonra 3- cü dərəcəli "Vətənə xidmətə görə " ordeni, "Vətən uğrunda ", "Şuşanın azad olunmasına görə ", "Hərbi xidmətlərə görə ", "Xocavəndin azad olunmasına görə " medalları ilə təltif olunmuş şəhid leytenant Yaqubov Mayis Rəhim oğlunun xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə açıq region birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, yarışdan əvvəl Daş Salahlı kənd Şəhidlər Xiyabanında dəfn olunmuş Vətən müharibəsi şəhidi Mayis Yaqubovun məzarı ziyarət olunub, məzarı önünə gül dəstələri düzülərək əziz xatirəsi ehtiramla anılıb.Yarışın açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, rəis müavini Elçin Cəfərov, Qazax Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, 3- cü dərəcəli Vətən müharibəsi əlili, kapitan Samir Çobanov, "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri " İctimai Birliyinin Qazax rayon şöbəsinin sədri Xasay Balayev çıxış edərək Şəhidlik zirvəsinin müqəddəsliyindən söz açıblar. Vətən uğrunda canlarını fəda edən bütün şəhidlərimizin xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını bildirərək, bu cür yarışların keçirilməsində əsas məqsədin şəhidlərimizin xatirəsini əbədiləşdirmək, onların şərəfli həyat yolunu təbliğ etmək, yeniyetmə və gənclər arasında vətənpərvərlik hissini gücləndirmək, ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin asudə vaxtının səmərəli təşkili, onlarda idmana olan maragın artırılmasından ibarət olduğunu qeyd ediblər. Yarış iştirakçılarına uğurlar arzulayıblar. Sonda şəhid Mayis Yaqubovun atası Rəhim Yaqubov şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və rayon rəhbərliyinə minnətdarlığını bildirib. Övladının xatirəsinə həsr olunmuş yarışın təşkilində əməyi keçən insanlara, əslən Daş Salahlı kəndindən olan xeyriyyəçi, iş adamı Tural Nəbiyevə minnətdarlığını bildirib. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda 1-2-3 yerləri tutmuş idmançılar təşkilatçılar tərəfindən müvafiq diplom, medal və qiymətli hədiyyələrlə təltif olunublar.

Yarışda Qazax, Agstafa, Tovuz, Şəmkir və Gədəbəy rayonlarından 215 nəfər idmançı iştirak edib.