Gənc avarçəkənlər Qazaxıstan açıq birinciliyində uğurlu nəticə əldə ediblər.

Rekord.az xəbər verir ki, 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilən kayak və kanoe növləri üzrə beynəlxalq turnirdə komandamız 5 nəfərlik heyətlə təmsil olunub.

100-ə yaxın idmançının mübarizə apardığı yarışda avarçəkənlərimiz ümumilikdə 8 dəst medal qazanıb.

200 metr məsafəyə bir nəfərlik kayak qayığında Amil Ramazanov birinci yerə layiq görülüb. Amil eyni məsafədə iki nəfərlik kayak qayığında Qazaxıstan təmsilçisi ilə birgə yürüşdə də finişə birinci çatıb.

500 metr məsafəyə bir nəfərlik kayak qayığında Əlimurad Hacızadə bütün rəqiblərini geridə qoyub. Eyni növdə 200 metr məsafəyə yürüşdə Əlimurad 2-ci olub.  

2 nəfərlik kayak qayığında Əlimurad Hacızadə - Vacib Babayev cütlüyü 500 metr məsafəyə yürüşlərdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Duet 200 metr məsafədə gümüş medallara sahib olub. Riyad İsmayılzadə ilə Rəşad Dadaşov 2 nəfərlik kayakda 500 və 200 metr məsafəyə yarışlarda ikinci yerə layiq görülüblər.