Bu həftə futbol üzrə Azərbaycan Premyer Liqasında 5-ci tura start veriləcək.

Rekord.az xəbər verir ki, turun ikinci oyun günündə meydana çıxacaq “Qəbələ” “Sumqayıt”la qarşılaşacaq.

“Qırmızı-qaralar” öz meydanında qüvvəsini sınayacaq. Milli komandaların oyunları ilə əlaqədar fasilə ərəfəsində keçiriləcək görüş iki rəqib arasında 33-cü duel olacaq.

Bu matçadək komandalar 32 dəfə görüşüb. Böyük üstünlüyə malik olan “Qəbələ” 19 qələbə qazanıb, 9 heç-heçə edib və 4 dəfə məğlub olub. Bu qarşılaşmalarda 54 dəfə qol sevinci yaşayan futbolçular 24 qol buraxıb. “Sumqayıt”la oyunlarda “qırmızı-qaralar”ın ən məhsuldar futbolçusu Viktor Mendidir. Onun hesabında 7 qol var.

“Qəbələ” bu rəqiblə 31 çempionat və 1 kubok matçında üz-üzə gəlib. Premyer Liqada 18 dəfə üç xal əldə edən komanda 9 heç-heçə edib və 4 dəfə uduzub. Bu oyunlarda “qırmızı-qaralar” 52, sumqayıtlılar 24 qol vurub.

Öz meydanında da üstün olan “Qəbələ” 16 ev matçından 12-də qalib gəlib. 3 heç-heçə edən komanda yalnız bir dəfə uduzub. Bu üstünlük top fərqində də özünü büruzə verib– 31:9.

Xatırladaq ki, oktyabrın 3-də Qəbələ şəhər stadionunda keçiriləcək matça saat 14:00-da start veriləcək.