“Qəbələ” Misli Premyer Liqasının 30-cu turunda “Turan Tovuz”la qarşılaşacaq. 

Rekord.az xəbər verir ki, bu gün baş tutacaq görüş Qəbələ şəhər stadionunda keçiriləcək.

Bu matç iki komanda arasında 9-cu duel olacaq. Rəqiblər bunadək 7 dəfə çempionat və 1 dəfə kubokda üz-üzə gəliblər. 

Əvvəlki qarşılaşmalarda “qırmızı-qaralar” üstünlüyə malikdir. Hesabında 3 qələbə olan “Qəbələ” 3 heç-heçə edib və 2 dəfə uduzub. 13 qol vuran “Qəbələ” 7 top buraxıb. Bilel Auaşeriya 4, Rafael Utziq və Osama Xalayla 2 dəfə “Turan Tovuz”un qapısına qol vurub.

Çempionatdakı 7 qarşılaşmada həm “Qəbələ”, həm rəqib 2 dəfə qalib gəlib. Üç görüşdə heç-heçə qeydə alınıb. 11 qol vuran “Qəbələ” 7 top buraxıb.

Dördüncü dəfə rəqibini qonaq edəcək “qırmızı-qaralar” ev oyunlarında 1 qələbə qazanıb, 1 heç-heçə edib və 1 dəfə məğlub olub. Öz meydanında 5 qol vuran “Qəbələ” 2 top buraxıb.

Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” - “Turan Tovuz” oyunu saat 16:30-da başlayacaq.