![photo](https://www.rekord.az/images/default.png)
“Qəbələ” “Neftçi” ilə oyunun baş tutmamasına aydınlıq gətirdi
- 07 Yan 2021 17:00
- 711
Xəbər verdiyimiz kimi, “Neftçi” ilə “Qəbələ” yoxlama görüşündə üz-üzə gəlməklə bağlı razılıq əldə etsə də sonradan qarşılaşmanın baş tutmayacağı məlum oldu. “Neftçi” tərəfi problemin “Qəbələ”dən qaynaqlandığını açıqlamışdı. Yəni əyalət təmsilçisi “ağ qaralar”la oynamaqdan imtina etmişdi. Bundan başqa, bizə ötürülən məlumata görə, Bakıdakı meydançaların icarə haqqının baha olması da buna təsir edib. Yəni “Qəbələ” büdcəyə qənaət etmək üçün doğma rayona qayıtmağı məqsədəuyğun hesab edib.
Rekord.az isə məsələ ilə bağlı mövqe öyrənmək üçün “Qəbələ” klubu ilə əlaqə saxlayıb.
Klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məsələyə belə aydınlıq gətirdi: “Vəziyyət elə alındı ki, biz Qəbələyə qayıdası olduq. Ona görə oyunumuz baş tutmadı. Əslində biz də oynamağın tərəfdarı idik. Yəni belə baxanda problemi bizə də bağlamaq olmaz. Biz Bakıda olanda hazırlıqlarımızı bir qayda olaraq BOS-da keçirik. Lakin ora məşqlər üçün bağlandığı üçün planımız pozuldu. Deyəsən arena rəhbərliyi ot örtyünü qorumaq üçün meydançanı dincə qoyub. Biz özümüz də öz meydançalarımızda bunu etdiyimiz üçün anlayışla qarşıladıq. Məsələ icarə haqqı ilə bağlı deyil. Komanda hazırda Qəbələdədir, amma yanvarın 10-da yenidən Bakıya gələcəyik. “Neftçi” ilə olmasa da başqa komanda ilə yoxlama görüşümüş olacaq”.