“Qəbələ”nin tarixində 7 dəfə bir futbolçu oyun ərzində 3 və ya daha çox qola imza atıb.

Rekord.az klubun saytına istinadən xəbər verir ki, bunlardan birində penta-trik, birində poker, digər beşində isə het-trik qeydə alınıb. Bu qarşılaşmaların hamısında “qırmızı-qaralar” böyük hesabla qələbə qazanıb. Belə məhsuldarlıq 4 ev və 3 səfər oyununa təsadüf edib. Premyer Liqada 3, Azərbaycan kubokunda 2, Avropa Liqası və birinci dəstənin hərəsində bir dəfə belə hal yaşanıb.

İlk belə hadisə də aşağı liqaya təsadüf edib. 2005/06 mövsümündə birinci dəstənin bombardiri olan Rövşən Əhmədov “Energetik”in qapısına 5 qol vuraraq klub tarixinin hələlik yeganə penta-trikini rəsmiləşdirib.

Yeganə pokerin müəllifi isə Vitali Balamestnıdır. O, Premyer Liqanın Sumqayıtdakı görüşündə “Gənclərbirliyi”nin qapısından dörd top keçirib.

İlk het-trikin müəllifi Vüsal Qarayev Azərbaycan kubokunda fərqlənibsə, Premyer Liqada bunu bacaran ilk “Qəbələ”li Fərzad Hatəmidir. Hərçənd, poker iranlının het-trikindən daha tez qeydə alınıb. Sonradan Filip Ozobiç kubokda, Baqali Dabo Premyer Liqada klub tarixinin 2-ci het-trikini gerçəkləşdirib.

Avrokuboklardakı yeganə belə uğurun sahibi Teo Uiksdir. O, Gürcüstan “Samtredia”sı ilə qarşılaşmada bombardirlik keyfiyyətini nümayiş etdirib.

“Qəbələ”də penta-trik

Rövşən Əhmədov
10.05.2006. Birinci dəstə. “Gilan” – “Energetik” – 6:0

“Qəbələ”də poker

Vitali Balamestnı
11.11.2007. Premyer Liqa. “Gənclərbirliyi” – “Qəbələ” – 0:6

“Qəbələ”də het-triklər

Vüsal Qarayev
10.10.2006. Azərbaycan kuboku. “Gilan” – “Şahdağ” (Quba) – 6:0

Farzad Hatəmi
17.06.2008. Premyer Liqa. MOİK – “Qəbələ” – 0:3

Teo Uiks
30.06.2016. Avropa Liqası. “Qəbələ” – “Samtredia” – 5:1

Baqali Dabo
10.09.2016. Premyer Liqa. “Neftçi” – “Qəbələ” – 0:8

Filip Ozobiç
29.11.2017. Azərbaycan kuboku. “Qəbələ” – “Mil-Muğan” – 8:0