“Qəbələ”nin məşqçilər korpusunda yeni təyinat gerçəkləşib. 

Rekord.az xəbər verir ki, Amil Ağacanov “qırmızı-qaralar”ın qapıçılar üzrə məşqçisi olacaq.

41 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.

Ağacanov futbolçu karyerası ərzində “Göyəzən” (2004-05), “Şüvəlan” (2005-06, 2011-13, 2015-16), “Turan” (2006-07), “Bakı” (2007), “Masallı” (2007-08), MOİK (2008), “Standard” (2008-09), “Muğan” (2009-11), “Simurq” (2013-15) və “Zaqatala” (2016-18) klublarında çıxış edib. O, 2004-05-ci illərdə Azərbaycanın U-21 yığmasının formasını geyinib.

Karyerasını bitirdikdən sonra Naxçıvan Futbol Federasiyasında fəaliyyətə başlayan sabiq qapıçı “Araz-Naxçıvan”da da çalışıb. O, klubun qapıçılar üzrə məşqçisi olub. Mütəxəssis “Qəbələ”yə təyinatına qədər Azərbaycanın U-18 yığmasının məşqçilər korpusunda yer alıb. Ağacanov qapıçılar üzrə məşqçilər üçün UEFA kurslarına rəhbərlik edən yerli təlimatçılardan biri kimi fəaliyyət göstərib.