"Qəbələ"nin bank təminatı və ya AFFA-nın "lisenziyalaşdırma oyunu" YAZI
- 07 Dek 2019 15:00
- 1646
Son zamanlar futbol ictimaiyyətinin geniş müzakirə etdiyi məsələlərdən biri də "Qəbələ"nin durumudur. Rəsmi şəkildə təsdiqlənməsə də, "Gilan Holdinq"in bu kluba sponsorluqdan imtina etdiyinə dair məlumatlar yayılıb. Maraqlıdır ki, kluba yaxın mənbələr də bunu inkar eləmir. Klub rəhbərliyinin AFFA-nın baş katibi Elxan Məmmədovla görüşməsi və klubun gələcək taleyini müzakirə etməsi də məlumatların əsassız olmadığını sübut edir. Ən üzücü olan məqam isə yanvarda klubun dağılmaq təhlükəsinin olmasıdır. Bu yerdə yadıma AFFA-nın lisenziyalaşdırma oyunu düşdü.
Bildiyiniz kimi, federasiya neçə illərdir lənətə gəlmiş "lisenziyalaşdırma şərtləri" adlı oyun atıb ortaya. O lisenziyalaşdırmanın hansı şərtləri, hansı bəndləri var, açıqlanmır. Yəni o hansı şərtlərdi, deyək ki, "Turan Tovuz" əməl edə bilmir, "Səbail" əməl edir. Yaxud "Neftçala" yerinə yetirə bilmir, "Sabah" yerinə yetirir. Bir sözlə nəmənədirsə ancaq AFFA-dakılar özləri bilir və heç kimə də açıqlamır. Əslində isə hamıya məlumdur ki, bütün bunlar hamısı monopolist siyasətin ayırılmaz tərkib hissəsidir. Müstəqil klublar məhv edilməli, AFFA-dan asılı olmayan iş adamları, sponsorlar futbola buraxılmamalı, bütün komandalar ancaq və ancaq federasiyanın nəzarətində olmalı, onun diqtəsi ilə hərəkət etməlidir.
Nə isə. Sözümün canı bu deyil. Sözümü "Qəbələ"nin üstünə gətirirəm. AFFA-nın heç kimə açıqlamadığı lisenziyalaşdırma şərtlərinin başında bank təminatının durması heç kimə sirr deyil. Federasiya özü də rəsmi şəkildə açıqlayıb ki, nəinki Premyer Liqa, hətta I Divizionda oynamaq istəyən yeni komandalardan da bank təminatı istəniləcək. Ən azı 250-300 min manatlıq bank zəmanətini AFFA-ya təqdim etməsən çempionatda oynaya bilməzsən. Bank zəmanətinin əsas üstünlüyü odur ki, çempionatın gedişində hansısa komandada maddi sıxıntı yaşansa, yaxud hansısa sponsor müflis olsa, futbolçulara maaş verə bilməsə, o zaman həmin bank zəmanəti işə düşür və komandanı mövsümün sonuna kimi xilas edir. O məntiqlə "Qəbələ"nin dağılmaq məsələsi də gündəm və müzakirə mövzusu olmamalıdır. Çünki I Divizionda oynayan klublara qarşı bank zəmanəti tələbini irəli sürən AFFA Premyer Liqa klublarından bu zəmanəti qeyri-şərtsiz almalıdır. Amma "Qəbələ" ətrafında yaranan söz-söhbətlərdən belə başa düşülür ki, bu klubun bank zəmanəti yoxdur. Əgər belə zəmanət olsaydı, onun dağılmaq məsələsi də nə gündəmə gələrdi, nə də müzakirə olunardı. Lap "Gilan Holdinq" klubdan imtina etsə belə, həmin bank zəmanəti avtomatik işə düşməli, mövsümün sonuna kimi məşqçi və futbolçuların əmək haqqları gecikmədən ödənilməli idi. Demək ki, mövsümün əvvəlində "Qəbələ"dən və yəqin ki digər Premyer Liqa klublarından da belə bir zəmanət məktubu alınmayıb. Və demək ki, bununla bağlı səslənən fikirlər hamısı cəfəngiyyatdır və ictimaiyyəti aldatmaqdan başqa bir şey deyil.
Anar XANLAROV