"Qəbələ"nin legionerindən alqışalayiq hərəkət: de Byazinin gözündən uzaq
- 27 Noy 2023 14:00
- 1203
"Qəbələ" - "Turan Tovuz" matçının qəhrəmanı heç şübhəsiz ki, mərakeşli futbolçu Bilel Auaşeriya oldu.
Rekord.az xəbər verir ki, het-trik edən futbolçunun oyunu matçı işıqlandırmaq üçün Qəbələyə gedən jurnalistlərin də diqqətindən qaçmadı və oyundan sonra ondan ümumi müsahibə götürməyə qərar verildi.
Futbolçu çölə çıxıb avtobusa gedən zaman yaxınlaşıb fikirimizi bildirdik və dərhal, məmnuniyyətlə razılıq verdi. Təbii ki, bu zaman tərcüməçiyə ehtiyac yarandığı üçün "Qəbələ"nin tərcüməçisi Məhəmmədi axtarmalı olduq. Bu işdə jurnalistlərə Bilel özü kömək etdi və geri, soyunub-geyinmə otağına Məhəmmədi çağırmağa getdi. Bir qədər sonra qayıdaraq, tərcüməçinin 5 dəqiqəyə gələcəyini bildirdi. Lakin Məhəmmədin gəlişi xeyli yubandı və təxminən 20 dəqiqəyə kimi çəkdi. Maraqlıdır ki, Auaşeriya oyundan çıxmasına, yorğun olmasına baxmayaraq soyuq havada pilləkənin üstündə oturaraq bizimlə birgə Məhəmmədin gəlişini gözlədi. Müsahibəni də sonuncu suala qədər ayaq üstə həvəslə verdi. Halbuki futbolçuları aparan avtobusun sürücüsü dilxor halda tez-tez siqnal verərək onu çağırırdı. Yaranmış durumla bağlı şəxsən özüm ona sual ünvanlayıb bunun xarakteri, yoxsa het-trikdən irəli gələn həvəslə bağlı olduğunu soruşanda cavabında "söz vermişəmsə, ona əməl etməliyəm" cavabını verdi. Həqiqətən də Bilelin bu hərəkəri alqışa layiqdi və digər əcnəbilərə də örnək olmalıdır.
Bu nümunəni niyə çəkdim? Çünki Azərbaycanda legioner həyatı yaşayan, bu ölkədə böyük pullar qazanan kifayət qədər legionerlər var ki, yerli mətbuata hörmətsiz yanaşır. Misal olaraq başda de Byazi olmaqla, Aleksey İsayev, Rəhim Sadıxov, Mehti Cənnətov, David Volkov və s. adlarını çəkmək olar. Hansı ki, medianın adi açıqlama təklifini dəfələrlə rədd ediblər. Kimsə deyə bilər ki, şəxsi işləridi, danışmaq istəmirlər. Ok biz də məcbur etmirik. Amma bu məsələdə Bilel kimi futbolçulardan örnək götürsələr, yaxşı olar.
Anar XANLAROV