“Qəbələ”nin prezidenti Rafael Ağayevlə görüşdü
- 13 Avq 2021 18:00
- 596
“Qəbələ” İdman Klubunun prezidenti Fariz Nəcəfov karateçi Rafael Ağayevlə görüşüb.
Rekord.az klubun saytına istinadən xəbər verir ki, görüşdə Azərbaycan yığmasının və klubun üzvü olan 5 qat dünya və 11 qat Avropa çempionunun Tokio-2020 Yay Olimpiya Oyunlarındakı çıxışı barədə fikir mübadiləsi aparılıb.
Klub prezidenti Yaponiyanın paytaxtında keçirilən yarışda 75 kq çəki dərəcəsində gümüş medal qazanan Rafaelin bu uğurunu yüksək qiymətləndirib. Nəcəfov karateçini həm bu mükafat, həm də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunması münasibətilə təbrik edib.
Klub prezidenti dünya karatesinin əfsanəsinə gələcək yarışlarda da uğurlar arzulayıb. Karateçi “Qəbələ” İdman Klubuna göstərilən dəstək üçün təşəkkür edib. Ağayev bundan sonra da bütün yarışlara uğurlarını artırmaq və üçrəngli bayrağımızı daim zirvələrdə dalğalandırmaq üçün yollanacağını qeyd edib.