"Qəbələ"nin qapıçısı Anar Nəzirov "Keşlə" ilə oyundan sonra müsahibə verib. Rekord.az xəbər verir ki, 34 yaşlı qolkiper ilk yarıda elə də yaxşı təsir bağışlamadıqlarını deyib:

 

- Birinci hissə tam fərqli oyun göstərdik. Erkən qol buraxmağımız müəyyən dərəcədə oyuna təsir göstərdi. Sanki komanda bundan sonra özünə gec gəldi. İkinci hissədə son vaxtlardakı xarakterli, istəkli "Qəbələ"ni yenidən görə bildik. İkinci hissədə "Qəbələ"nin heyətində 8 azərbaycanlı futbolçu çıxış edirdi. Bunlardan da 6-sı "Qəbələ" akademiyasının yetirməsidir. Gördüyünüz kimi yerli futbolçularla da oynamaq olur. Bir az bəxtimiz gətirmədi. İkinci hissədə hamı "Qəbələ"nin əzmkarlığını gördü.

- Əzmkarlıq etsəz də, xalsız qaldız. "Qəbələ"nin stabil oynaması, çətin vəziyyətdən çıxması üçün nə qədər vaxt lazımdır?

- Bir az vaxt lazımdır. Bir oyun yaxşı oynayırıq, digərində bir hissə yaxşı təsir bağışlayırıq. Amma hər halda yaxşılığa doğru irəliləyiş var.

- "Qarabağ"la bərabərlikdən sonra çoxları düşünürdü ki, "Qəbələ"də daha da inkişaf olacaq.

- Cəzalı futbolçularımız var idi. İki aparıcı futbolçu bu gün oynamırdı. Həm də həmişə yaxşı oynamaq olmur axı. Amma sonda istəyimizə çatacağıq.