“Qəbələ”nin “Qarabağ”la 58-ci dueli
- 31 Yan 2021 12:20
- 598
Gələn həftə futbol üzrə Azərbaycan kubokunda 1/4 final mərhələsinin oyunları keçiriləcək.
Rekord.az xəbər verir ki, “Qəbələ” bu mərhələdə Ağdamın “Qarabağ” klubu ilə qarşılaşacaq.
“Qırmızı-qaralar” fevralın 1-dəki ilk oyunu səfərdə keçirəcək. 5 gün sonra komanda doğma meydanda rəqibini sınağa çəkəcək.
Bakıda keçiriləcək ilk görüş rəqiblərin 58-ci dueli olacaq. “Qəbələ” və “Qarabağ” indiyədək 57 dəfə qarşılaşıb. 12 qələbəsi olan “qırmızı-qaralar” 19 heç-heçə edib. 26 oyunda ağdamlılar qalib gəlib. Əvvəlki görüşlərdə 49 qol vuran komanda 76 top buraxıb.
48 dəfə Premyer Liqada görüşən rəqiblər Azərbaycan kubokunda 10-cu görüşə çıxacaq. Kubokda 5 dəfə yolları kəsişən komandalar 9 matç keçirib. Üç dəfə 1/4, bir dəfə yarımfinal və bir dəfə finalda “Qarabağ”la üz-üzə gələn komanda iki dueldə qalib olub. “Qırmızı-qaralar” bir dəfə yarımfinal, bir dəfə finala vəsiqəni ağdamlılarla görüşlərdə qazanıb. Bu oyunlarda hərəyə 2 qələbəsi olan komandalar 5 heç-heçə edib. 7 qol vuran futbolçular 8 top buraxıb.
29-cu dəfə “Qarabağ”ın qonağı olacaq “qırmızı-qaralar” səfərdə 5 qələbə, 9 heç-heçəyə imza atıb. 15 dəfə meydan sahibləri qalib gəlib. Rəqib qapısına 20 dəfə yol tapan qonaqlar 43 top buraxıb.
Xatırladaq ki, fevralın 1-də keçiriləcək “Qarabağ” - “Qəbələ” matçı Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq. Görüş saat 18:00-da başlayacaq.