"İnsanların həlak olması həmişə pisdi. Ancaq digər tərəfdən, onu da başa düşürəm ki, başqa cür də mümkün deyil. Çünki müharibə itkisiz olmur. Təəsüf ki, bu, acı reallıqdı. Xəbər saytlarını açırsan, "Facebook"a daxil olursan, nə qədər dostun - aralarında azarkeşlər də var - müharibədə ölən insanlarının şəkillərini paylaşırlar. Görürsən ki, gənc oğlanlar həlak olurlar və üzülməyə bilmirsən".

 

Rekord.az xəbər verir ki, bu fikirləri sport24.az-a açıqlamasında "Qəbələ"nin ukraynalı sabiq məşqçisi Aleksandr Qluşenko bildirib.

 

Ölkəmizdə 3 illik (2016-19-cu illərdə) fəaliyyəti adıçəkilən əyalət təmsilçisinə bağlı olan qapıçılarla işləyən bu mütəxəssis Azərbaycanın son 3 həftədə apardığı hərbi əməliyyatlar haqda həm internetdən məlumatlıdı, həm də ölkəmizlə əlaqəsi qalan insanlardan xəbərdardı: "Əlbəttə, burda olduğum müddətdə azərbaycanlı uşaqlar həmişə mənə Qarabağ məsələsi haqda danışırdılar. Xatirimdədi, gəldiyim ilk gündən bu münaqişə haqda bilgim vardı, danışırdılar ki, Azərbaycana məxsus, ancaq işğal altında olan Dağlıq Qarabağ ərazisi var. Bildiyim qədərilə BMT-nin bununla bağlı qətnamələri var ki, həmin topaqların Azərbaycanın ərazisi olmasını özündə əks etdirir. "Qəbələ"də işlədiyim müddətdə daim bu mövzu qaldırılırdı, onunla bağlı söhbətlər gedirdi. İndisə mübaribə gedir. Əsgərlərin, hərbçilərin həlak olması hardasa başadüşüləndi, çünki birbaşa müharibə iştirakçılarıdırlar. Təbii ki, onların da dünyalarını dəyişmələri üzücüdü. Ancaq dinc sakinlərin həyatlarını itirmələri ümumiyyətlə, qəbulolunmazdı və daha çox məyusluq doğurur. Misal üçün Gəncəni götürək, ora raket atəşinə məruz qoyulub. Nəticədə nə qədər insan həlak olub, bildiyim qədərilə bir ailənin üç uşağı atasız-anasız qalıb. Bu isə əsl faciədi! Onu da nəzərə alaq ki, bizdə Ukraynada da eyni vəziyyətdi - Donbassla bağlı. Buna görə Qarabağ münaqişəsi bizə yaxın mövzudu. Ən əsası odur ki, qurbanlar dayandırılsın. Təsəvvür edirəm ki, indi futbolçular hansı vəziyyətdədi, müharibə onlarda da dərin bir iz buraxıb. Axı, futbolçular da baş verənləri, müharibədə ölən insanların fotolarını görürlər, narahatlıq keçirirlər. Təbii ki, bütün Azərbaycan həyəcanla baş verənləri izləyir".

 

Hazırda Vətənində olan gənc ukraynalı mütəxəssis Azərbaycanın Qarabağın işğaldan azad olunmasıyla bağlı hazırda bütün sahələrdə yaxşı işlər apardığını vurğulayıb: "Çalışırsınız ki, hər yerdə bu haqda danışasınız, beynəlxalq aləmi ətraflı məlumatlandırasınız. Ukraynadan da görünən budu və bildiyiniz kimi, bizim ölkə Qarabaq məsələsində Azərbaycanı rəsmi olaraq dəstəkləyi, buna ölkə səviyyəsində rəsmi münasibət göstərilib". 

 

Maraqlıdı, Qluşenko Ermənistandan işləməklə təklif alıbmı, bunu alarsa, necə addım atar?: "Belə deyim ki, konkret rəsmi təklif almamışam. Hesab edirəm ki, Azərbaycandan sonra Ermənistandan gələn təklifi qəbul edərək ora işləməyə getməyim əlbəttə, qeyri-etik olar. Şəxsən mən ermənilərə qarşı deyiləm, çünki biz ukraynalıların onlarla heç bir pis münasibətimiz yoxdu. Ancaq 3 il Azərbaycanda işləyən biri olaraq, üstəlik, bütün bu vəziyyəti bilə-bilə gedərək Ermənistanda çalışmağım etik cəhətdən düzgün çıxmazdı. Azərbaycanılarla yaşamışam, birgə çörək yemişəm, buranın çörəyini yemişəm. Bilirsiniz, konflikt həmişə pisdi, tezliklə hər şey tez başa çatsın".

 

Xatırladaq ki, 33 yaşlı Qluşenko 2019-cu ildə "Qəbələ"ylə Azərbaycan Kubokunun qalibi olub.