“Qəbələ” futbol komandasının təlim-məşq toplanışına başlayacağı vaxt müəyyənləşib. 

Rekord.az xəbər verir ki, bu barədə "Report"a əyalət təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev məlumat verib. 

40 yaşlı mütəxəssis iyulun 20-də komanda şəklində koronavirus testindən keçdikdən sonra məşqlərə başlamaq istədiklərini bildirib.

Baxşıyev Qəbələdə olan digər komandalarla yoxlama matçları üçün danışıqlar aparıldığını söyləyib. Baş məşqçi yerli futbolçuların hələ ki, komandada olduğunu və toplanışa qatılacaqlarını sözlərinə əlavə edib: "İnanıram ki, komanda ilə vidalaşan əcnəbi futbolçuların yerlərini dolduracağıq". 

Əyalət təmsilçinin baş meneceri Zaur Əzizov bütün yerli futbolçularla razılıq əldə etmədiklərini və danışıqların davam etdiyini bildirib. 

Qeyd edək ki, "Qəbələ"nin heyətində Amin Seydiyev, İdris İnqilablı və Samir Məhərrəmli "Sabah"a, Klesio Bauk isə "Zirə"yə keçib. Daha əvvəl İvitsa Juniç və Merab Qiqauri klubla vidalaşıb. 

Xatırladaq ki, avrokuboklara hazırlaşan komandalar Bakıdan kənarda hazırlıq keçir. "Qarabağ"la yanaşı, "Neftçi" və "Sumqayıt" Qəbələdə məskunlaşıb, "Keşlə" isə Şamaxını seçib.