Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIX tura start veriləcək.

Rekord.az xəbər verir ki, “Qəbələ” turun ikinci oyun günündə meydana çıxacaq.

“Qırmızı-qaralar” Bakıda “Zirə” ilə qarşılaşacaq. Bu görüş iki komanda arasında ümumilikdə 21-ci matç olacaq. İndiyədək rəqiblər 20 dəfə üz-üzə gəlib. Bu oyunların səkkizində qalib gələn “Qəbələ” eyni sayda heç-heçə edib və yalnız dörd dəfə uduzub. Bu üstünlük top fərqində də əks olunub. 29 qol vuran əyalət futbolçuları 17 top buraxıb. Aleksey Qay komandanın bu görüşlərdəki ən yaxşı bombardiridi – 4 qol.

Əvvəlki 20 matçdan ikisi kubok, digərləri çempionat çərçivəsində baş tutub. Premyer Liqadakı 18 oyunda altı dəfə 3 xala sevinən “qırmızı-qaralar” səkkiz dəfə 1 xalla kifayətlənib. Komanda dörd dəfə meydanı məğlub tərk edib. Çempionatda 22 qol vuran “Qəbələ” 15 top buraxıb.

10 səfər görüşündə eyni sayda – 3 dəfə qələbə qazanan və məğlub olan “qırmızı-qaralar” dörd dəfə sülhlə dönüb. Top fərqi isə “Qəbələ”nin xeyrinədi – 13:10.