Qədəşovadan tarixi nailiyyət: cüdo üzrə ilk qadın dünya çempionu
- 24 Avq 2023 21:14
- 379
Avqustun 24-də Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən yeniyetmələr arasında cüdo üzrə dünya çempionatının ikinci günündə Azərbaycan cüdoçuları müstəsna məharət və əzmkarlıq nümayiş etdiriblər.
Rekord.az xəbər verir ki, komanda 1 qızıl və 2 gümüş medal qazanaraq, beynəlxalq arenada əlamətdar nailiyyətlərlə yadda qalıb.
Qızlar arasında -52 kq çəkidə mübarizə aparan Xədicə Qədəşova gərgin final görüşündə Fransa təmsilçisi Alisya Pulancı məğlub edərək Azərbaycan cüdo tarixinin ilk qadın dünya çempionu olub.
Oğlanlar arasında -60 kq çəkidə Məhəmməd Musayev finalda israilli cüdoçu İsaq Aşpizlə üz-üzə gəlib. Görüşün nəticəsində Məhəmməd çempionatın gümüş medalını əldə edib.
-66 kq çəkidə Əbil Yusubov isə final görüşündə polşalı cüdoçu Simon Sulik ilə qarşılaşıb. Görüşün nəticəsində Əbil gümüş medal qazanaraq komandamızın aktivinə 6-cı medalı yazdırıb.
Azərbaycan cüdoçuları çempionatın ilk günündə 1 qızıl, 1 gümüş və 1 bürünc medala sahib olub. İki günün nəticəsinə görə cüdoçularımız oğlanlar arasında 4 çəki dərəcəsinin hər birində medal əldə ediblər.