Qələbənin gözləri - Portret
- 20 Sen 2019 08:27
- 955
O bacardısa, biz də bacararıq, bacarmalıyıq!
Həyat mübarizədir. Biz həyatımızın hər anında nələrsə, kimlərləsə mübarizə aparır, daha yaxşı, daha
güclü, daha öndə olmağa çalışır, bəzən buna nail olur, bəzən isə hədəfimizə çata bilmirik. Qazandığımız
uğurlar isə böyük qurbanlar hesabına əldə edilir. Hələ biz əlimiz-ayağımız yerində, sağlamlığımız
qaydasında ola-ola çətinliklər qarşısında geri çəkilir, təslim ola bilirik. Görün, 19 yaşında görmə
qabiliyyətinizi tam itirən biri nə edərdi?
Nə edərdi?
Desəm ki, cüdo üzrə ikiqat Paralimpiya Oyunları çempionu (2004, 2008), ikiqat dünya çempionu (2007,
2010) və yeddiqat Avropa çempionu (2005, 2007, 2009, 2011, 2013, 2015, 2017), 2015 Avropa Oyunları
qalibi, Azərbaycanın Əməkdar İdman Ustası, 6-cı dan kəmər sahibi, Qarabağ müharibəsi qazisi və əlili,
“Şöhrət” ordeni, “Tərəqqi” medalı, “Heydər Əliyev” Fondunun təsis etdiyi Beynəlxalq “Qızıl Çinar”
mükafatları laureatı olardı, nə düşünər, bu adamı necə təsvir edərdiniz? Böyük idmançı, böyük insan, əsl
qəhrəman… Bu yazıda bu nəhəng şəxsiyyət - Zəkiyev İlham Əzizağa oğlunun gələcək nəsillərə, yəqin elə
hamımıza da nümunə olacaq həyatı haqda danışacaq, “bax, o bacardısa, sən də bacara bilərsən”
deyəcəyik.
Güləşçi, cüdoçu, samboçu…
3 mart 1980-ci ildə Sumqayıtda sıravi zavod işçisinin ailəsində anadan olan İlham, daha 3 qardaş və bir
bacının qardaşıdır. Uşaqlıqdan idmana həvəs göstərməsi təbii olub. Oxuduğu 5 saylı orta məktəbdə
olduğu kimi, bütün Sumqayıtda güləş, ya futbolla maraqlanmaq bir növ ənənədir. Üstəlik, böyük qardaşı
Fikrət də güləşlə ciddi məşğul olduğundan, Zəkiyevin onun yolunu getməsi gözlənilən idi. Amma bir
müddət sonra məşqçiləri Rusiyaya getdiyindən o, idman növünü dəyişib cüdoya keçməli olub. Bu dəfə
birdəfəlik. Əməkdar məşqçi Əhməddin Rəcəblinin rəhbərliyi altında çalışmalara başlayan İlham,
Sumqayıt çempionu olandan sonra eyni uğuru gənclərin Azərbaycan çempionatında təkrarlayıb. Üstəlik,
universallığı ona sambo üzrə yeniyetmələr arasında Respublika birinciliyinin qalibi olmaq imkanı da
verib. İdmançı 1998-ci ildə Moskvada keçirilən Yeniyetmələr Olimpiadasına qatılmaq istəsə də, yaşı cəmi
1 ay keçdiyindən burada iştirak edə bilməyib. Hərbi xidmət vaxtı yetişir...
Düşmən gülləsi
Qəhrəmanımız xidmətini Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində, Füzuli rayonunun Aşağı
Əbdürrəhmanlı kəndində yerinə yetirir. Fiziki cəhətdən güclü olmasına görə o, digər yoldaşlarından
seçilirdi. Məsuliyyətli və dözümlü olan İlhamı kəşfiyyatçı təyin edirlər. Bir çox təhlükəli döyüş
tapşırıqlarının öhdəsindən bacarıqla gələn əsgər Zəkiyev, yeddi ay orduda nümunəvi xidmət edir, fəxri
fərmanlar alır. 1999-cu ilin fevral ayında növbəti dəfə döyüş tapşırığını yerinə yetirərkən erməni
snayperinin açdığı atəş nəticəsində İlham yaralanır. Güllə onun başına dəyir, sol gicgahından girərək sağ
gicgahından çıxır. İlham aldığı yaradan komaya düşür. Ancaq “həyatda möcüzələr olmur” ifadəsi məhz bu
andan tamlığı ilə təkzib olunaraq böyük bir zirvə yolunun ilk addımına çevrilir.
Ana səsi
Beş günlük komadan onu anası Raziyyə xalanın səsi oyadır. Həkimlərin “heç bir şans yoxdur” deməsi
belə, onu yolundan döndərmir. Otağa girən kimi “İlham, İlham” deyir, söz bitən kimi “Üşüyürəm”
cavabını alır. Tez əynindəki jaketi çıxarıb onun üstünə salan ana, isti çayla oğlunun qızışdırmağa çalışır.
“Cənnət anaların ayaqları altındadır” cümləsi əbəs yerə deyilməyibmiş. Tibbin gücsüz olduğu yerdə
hisslər öz işini görür.
19 yaşında zülmət
Lakin komadan çıxdıqdan sonra məlum olur ki, İlham görmə qabiliyyətini tamamilə itirib. Həkimlər hətta
belə bir ölümcül yaradan sonra onun sağ qalmasını möcüzə sayırdılar. Bütün göstərilən səylərə
baxmayaraq, İlhamın görmə qabiliyyətini qaytarmaq mümkün olmur. İlham Zəkiyev birinci dərəcəli
Qarabağ əlili kimi evə dönür. Bu zaman onun hələ 19 yaşı tamam olmamışdı.
İdmana dönüş
Görmə qabiliyyətini itirmək hər kəs üçün faciədir. Dünya işığına həsrət qalmaq ən yaşlı adamı belə
mənəvi cəhətdən məhv edə bilərdi, nəinki gənc birisini. Dünən sən enerji dolu idin, çempionluq xəyalları
qururdun, yavaş-yavaş onlar bəlkə də xəyaldan reallığa çevrilmək üzrə idi, bu gün isə… Ancaq İlham
sınmır. Bir müddət başverənlərlə barışmaq istəməsə də, ailəsinin və yaxın dostlarının dəstəyi ilə taleyini
qəbul edir. Daha doğrusu, onun uğrunda mübarizəyə başlamaq qərarına gəlir.
İlk dəfə 2002-ci ildə bir təsadüf nəticəsində Milli Paralimpiya Komitəsi barədə eşidən İlham, müalicəsiylə
bağlı İdman Nazirliyinə müraciət edir. Nazir Əbülfəz Qarayev dövlət başçısına bu haqda məruzə edir, o
da idmançını Moskvaya müalicəyə göndərmək tapşırığı verir. Zəkiyev orada tam müayinədən keçsə də,
həkimlər “bugünkü gün tibbdə sənə görmə qabiliyyətini qaytaracaq texnologiya yoxdur” deyirlər. Vətənə
kor-peşman dönən İlham, yenə də qollarını yanına salmır. Sabiq məşqçisi Əhməd Rəcəblinin yanında, bu
dəfə Paralimpiya cüdosu ilə məşğul olmağa başlayır. Təcrübəli mütəxəssis onu tatamiyə qaytarır,
çempionluq ruhu aşılayır.
199 saniyəyə Olimpiya çempionu!
İlham ilk dəfə beynəlxalq tatamiyə 2003-cü ilin avqustunda, Kanadanın Kvebek şəhərində keçirilən
Görmə Əlilliyi olan İnsanların 2-ci dünya çempionatında çıxır. Püşk ona çox çətin rəqiblər qismət edir.
Yalnız yarımfinalda kubalı dünya çempionuna yenilən Zəkiyev, 2004-cü il Afina Paralimpiya Oyunlarına
vəsiqə qazanır. Azərbaycanı bu mötəbər yarışda təmsil edən yeganə cüdoçu olan İlhamın Yunanıstandakı
macərası da maraqlı olur. Belə ki, Afinada ilk qarşılaşdığı idmançı Kvebekdə məğlub olduğu həmin kubalı
olur. Cəmi 100 saniyədə rəqibini üstələyib yarımfinala çıxan həmyerlimiz, bu mərhələdə ispan idmançını
cəmi 37 saniyədə diz çökdürür. Finalda isə Böyük Britaniyadan olan rəqibinə ippon fəndi ilə 62 saniyədə
qalib gələrək Paralimpiya çempionu olur! İşığın zülmət üzərindəki qələbəsi bu olsun gərək...
9 ildə daha 9 qələbə
Bundan sonrakı 9 il ərzində daha bir Olimpiya çempionluğu və bürüncü, 5 Avropa və iki dünya
çempionluğu gəlir. “Tataminin kralı”nın nailiyyətləri dövlətin də gözündən qaçmır. Azərbaycan prezidenti
İlham Əliyev tərəfindən Azərbaycan idmanındakı uğurlarına görə İlham Zəkiyev 2008-ci ildə “Şöhrət”
ordeni ilə təltif edilir, 2009-cu ildə isə Əməkdar İdman Ustası fəxri adı verilir.
Zirvə hələ fəth olunmayıb!
Bu qədər uğurdan sonra belə, İlham dayanmır. Gərgin məşqlərini Milli Paralimpiya Cüdo yığmasının baş
məşqçisi İbrahim İbrahimovun rəhbərliyi altında davam etdirən çempion, dünya kubokuna sahib çıxır, I
Avropa Oyunları qalibi və IV İslam Oyunlarının bürünc mükafatçısı, iki dəfə Avropa çempionu olur. İlham
2020-ci il Tokio Olimpiadasında da fəxri kürsünün ən yüksək pilləsinə qalxmaq niyyətindədir. Məşqçisi
ondan çox razıdır: “İlhamın əzmkarlığına, mübarizliyinə, qələbə istəyinə, idman sevgisinə söz ola bilməz.
O, ölkəsini sevən, vətənpərvər biridir və daima Azərbaycanı layiqincə təmsil etməyə hazırdır. Biz onu
görmə qabiliyyətini itirmiş kimi qəbul etmirik. Onu özümüzdən biri sayır, elə də münasibət bəsləyirik.
İlham özü də bu problemini bildirmir. Kənardan izləsəniz, onun görüb-görmədiyini müəyyənləşdirmək
mümkün olmaz”.
Əsl vətənpərvər!
Zəkiyevin həyat kriteriyasına çevrilən bir cümlə, “əsl vətənpərvər kimdir” sualı veriləndə məhz onu
yadımıza salır: “Hərbidə qulluğum yarımçıq qaldı, amma bu gün tatamidə bu qulluğumu davam
etdirirəm. Hər dəfə Azərbaycanın bayrağı dalğalananda, himnimiz oxunanda mən fəxr edirəm, qürur
duyuram”.
Xoşbəxt ailə həyatı
Bütün idmançılara ən böyük dəstək həmişə ailələri tərəfdən gəlir. Görmə qabiliyyətini itirsə də, onu
sevənləri, sevdiklərini itirməyib qəhrəmanımız. İlham Zəkiyev 2005-ci ildə, hələ əsgərlikdən öncə
gördüyü, tanıdığı və sevdiyi qızla ailə həyatı qurub. Toy günündə ölkə prezidentindən də təbrik məktubu
alan idmançının hazırda 3 övladı var: iki oğul, bir qız. Adları da İlkin, Həmzə və Aynurdur.
İlham Zəkiyev ailəsinə bağlı biridir. Övladları onu həyata bağlayan ən böyük qüvvədir desək, yanılmarıq.
Qızı Aynur, atasının “Qızım, sən atanın nəyisən” sualına hər dəfə “Gözləri...” cavabını verir.
Yəqin ki, qələbələrin sirri də burdadır. O, gözlərini yalnız fiziki cəhətdən itirib. Mənəvi baxımdan isə
dünyanın bütün rəngləri hər gün yanındadır, onu sevindirir, ona güc-qüvvət verir. İnsan xoşbəxtdirsə,
sevirsə, sevilirsə, istənilən zirvəni fəth etməyə qadirdir. İlham Zəkiyevin simasında bunu asanlıqla görə
bilirik.
Portreti
Əslində, onun həyat portretini çəkmək o qədər də çətin deyil. Başına gələn bədbəxt hadisədən sonra
təslim olmayaraq arzusunu gerçəkləşdirə bilməsi, İlham Zəkiyevin döyüşçü ruhunu ortaya çıxarır. O,
zirvəyə Azərbaycan bayrağını sancmağa çalışan alpinist kimi özünə yeni hədəf seçir. Görmə qabiliyyətini
itirməsinin isə heç bir əhəmiyyəti yoxdur. Çünki o, zirvənin yolunu gözüyumulu bilir.
Kənan Məstəliyev