Avropa çempionatının final mərhələsində iştirak edəcək qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası çempionata hazırlığı başa vurub. "Rekord.az" xəbər verir ki, qızlarımız iki ay davam edən hazırlıqları paytaxt Bakı ilə yanaşı Mingəçevirdə keçiblər. Ölkəmizdə təlim-məşq prosesini başa vurduqdan sonra komandamız xaricə yollanıb. İlk olaraq Yunanıstana gedən voleybolçularımız daha sonra Macarıstan və Bosniya və Herseqovinada təlim-məşq toplanışında olublar. Vüqar Əliyevin rəhbərlik etdiyi yığmamız bu müddətdə bir neçə yoxlama oyununda qüvvəsini sınayıb. 

Millimizin hazrlıqların son mərhələsinin baş tutduğu Bosniya və Herseqovinada məşqlərində tam heyət iştirak edib. Bir müddət əvvəl əməliyyat keçirən voleybolçu Olena Xarçenko da Bosniya və Herseqovinada komandamızla birgə məşqlərə qatılıb. Bəzi təcrübəli voleybolçularımız isə bu Avropa çempionatında komandamıza kömək edə bilməyəcəklər. Buna səbəb həmin oyunçuların  zədələri və zədələrin bərpa mərhələsinin başa çatmamasıdır. 
Pandemiya ilə bağlı ölkədə tətbiq olunan karantin səbəbindən məşqlərdən kənar qalan voleybolçularımız uzun fasilədən sonra iki ay təlim-məşq toplanışlarında və yoxlama oyunlarında öz əvvəlki formalarını bərpa etməyə çalışıblar. Onlar ciddi həkim nəzarəti altında məşq ediblər. Çünki, bəzi voleybolçularımız hazırlıq prosesində bel və diz zədələri ilə üzləşiblər. Buna baxmayaraq qızlarımız həkimin müalicə protoklunu və fiziki məşqçinin verdiyi proqramları yerinə yetirərək tezliklə meydançaya qayıtmaq üçün əllərindən gələni ediblər.

Yığmamız Bosniya və Herseqovinadan bir başa çempionatda yer aldığımız qrupun oyunlarının keçiriləcəyi Serbiyanın paytaxtı Belqrad şəhərinə yollanıb.

Qeyd edək ki, A qrupunda yarışacaq komandamızın rəqibləri meydan sahibi ilə yanaşı, Rusiya, Belçika, Fransa və Bosniya və Hersoqovina kollektivləridir. İlk oyunumuz avqustun 20-də Belçika millisinə qarşı olacaq.