“Qoallisimo” komandası media turnirinin qalibi oldu
- 18 İyl 2022 10:58
- 530
22 iyul Milli Mətbuat Gününə həsr olunan jurnalistlər arasında şahmat üzrə komanda yarışına yekun vurulub. Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı və “Azərlotereya”nın baş sponsorluğu ilə keçirilən turnirin final mərhələsində maraqlı anlar yaşanıb.
1\4 finalda “FutbolTrend” komandası (Faiq Tahirov, Vüqar Vüqarlı) “Siciliya müdafiəsi”nə (İlkin Vidadioğlu, İbrahim Məmmədov) qalib gəlməklə yarımfinala adlayıb. B qrupunun lideri “Qoallisimo” (Aysel Adıgözəlli, Səddam Laçın) 1\4 finalda digər qrupda dördüncü yeri tutan “Veni Vidi Vici”ni (Seymur Teymurov, Vüqar Məmmədov) üstələyib. Digər oyunda Murad Əliyevlə Seymur Baxşıyevdən ibarət “Master” komandası “Ağ-qara”nı təmsil edən Sərxan Musalı-İman Məcidov duetinə uduzmaqla mübarizəni dayandırıb.
1\4 finalda ən gərgin oyun “Firavan” (Pünhan Şükür, Bəxtiyar Məcidli) və “Savalan” (Elmidar Əliyev, Samirə Allahverdiyeva) arasında yaşanıb. Samirə Allahverdiyeva yarışda iştirak edə bilmədiyinə görə Elmidar Əliyev mübarizəni tək davam etdirib. Qaydalara əsasən oyuna 0-1 hesabı ilə geridə başlayan (ikinci lövhədə komanda yoldaşı olmadığına görə məğlubiyyət hesablanıb) Elmidar Əliyev həm ağlarla, həm də qaralarla partiyanı udmaqla cütün taleyini armageddona daşıyıb. Püşkə əsasən qara fiqurları seçən E.Əliyev növbəti qələbə ilə yarımfinalda iştirak hüququ qazanıb.
Yarımfinalda “Qoallisimo” komandası iddialı “Ağ qara” ilə üz-üzə gəlib. İki oyundan sonra ümumi hesab bərabər olduğundan mübarizə armageddonda davam edib. Burada qara fiqurları seçən “Qoallisimo” birinci lövhədə qazanılan qələbə sayəsində finala adlayıb. Digər yarımfinalda “FutbolTrend” dueti “Savalan”ı təkbaşına təmsil edən Elmidar Əliyevi gərgin mübarizənin sonunda məğlub etməyi bacarıb.
Üçüncü yer uğrunda görüşdə “Ağ-qara” komandası “Savalan”dan güclü olub. Sərxan Musalı həlledici görüşdə həmkarı Elmidar Əliyevi üstələməklə komandasına üçüncülük qazandırıb. Finalda isə “Qoallisimo” güclü “FutbolTrend”ə qalib gəlib. İki oyundan sonra ümumi hesab bərabər olduğundan mübarizə armageddonda başa çatıb. Burada qara fiqurları seçən “Qoallisimo”nın birinci lövhəsində Aysel Adıgözəlli həmkarı Faiq Tahirovu məğlub etməklə komandasının birinci yer tutmasında önəmli rol oynayıb.
Beləliklə, “Ağ qara” komandasının üzvləri Sərxan Musalı (Azərbaycan Güləş Federasiyasının mətbuat katibi) və İman Məcidov (Space TV) turniri üçüncü yerdə başa vurub. Faiq Tahirov (Futbolpress.az) və Vüqar İmanov (Trend.az) yalnız finalda uduzmaqla ikinci olub. “Qoallisimo” komandasını təmsil edən Aysel Adıgözəlli (qol.az) və Səddam Laçın (ARB TV) yarışın qalibi adını qazanıb. Yaxın günlərdə keçiriləcək bağlanış mərasimində ilk üç yeri tutacaq komandalara pul mükafatı, sponsorlardan qiymətli hədiyyələr və diplom təqdim olunacaq.
Eyni zamanda bağlanış mərasimində Təşkilat Komitəsi xüsusi nominasiyalar üzrə qalibləri elan edəcək. Qeyd edək ki, jurnalistlər arasında şahmat çempionatı “Azərloteraya”nın baş sponsorluğu, Coca Cola, yapon saatı markası CASIO EDIFICE, Cinema Plusun sponsorluğu, Azerçay və Cofe Enjoy-un tərəfdaşlığı ilə keçirildi.