Mətbuat konfransları polemika yeri deyil deyə bundan maksimum qaçıram. Nə vaxtsa belə etdiyim də yadıma gəlmir. Bu gün də müzakirəyə girmədim. Hərçənd Vaqif Cavadovla danışacaq çox şey vardı. 


Komandası artıq 10 oyundu qol vura bilməyən bir mütəxəssisin danışmağa sözü ya olmamalı, ya da məhdud olmalıdı. Ya da izah eləməlidi ki, niyə belə baş verir. İzah da futbol izahı olmalıdı, kənar amillərin təsiri ilə əlaqəli yox. Ona görə də bunu orda ona yox, burda sizə deyib yazıram. Onsuz da oxuyacaq. Oxudacaqlar. Çünki elə budəfəki konfransda "mediada mənə az danışmağı, daha çox işinə köklənməyi tovsiyə ediblər, ona görə də bu dəfə çox danışmayacam" cümləsi bunu deməyə əsas verir. Bir neçə gün əvvəl məhz mən yazmışdım o deyilənləri. Sağ olsun, oxuyur, oxudurlar, riayət də eləyir.


Amma sözüm onda deyil. On birdədi. Həmin 11-də ki, 3 gündən sonra Premyer Liqa matçında da seriya qırılmasa, "Sumqayıt"ın qələbəsiz və qolsuz matçlarının sayı məhz həmin rəqəmə çatacaq. 


Çatmaması üçün nə etmək lazımdı? 


İşin bəlağət, polemika, söz oyunu və s. bu kimi hazırda heç bir əhəmiyyəti olmayan tərəfinə yox, məhz futbol tərəfinə baxmalıyıq. Sual budur: 10 oyundu qol vura bilməyən komanda tilsimi qırmaq üçün nə etməlidi? 


Cavabı axtaraq.


Əvvəlcə bugünkü mətbuat konfransına qayıdaq. Cavadov qeyd elədi ki, rəqiblərin qol vurmaq üçün daha çox şansı olur, ondan istifadə edib vururlar. Bizdə isə hər oyun uzağı 2-3 şans olur, ona görə fərqlənə bilmirik. Vaqif müəllim bunu oyunçu keyfiyyəti ilə əlaqələndirərək desə də, əslində əsas səhvini ortaya çıxarmış oldu. 


Futbol sadə oyundu, çalışqanlıq və təcrübə burda böyük rola malikdi. Yəni onu təkcə oynamaq yox, həm də ondan oynayaraq öyrənmək lazımdı. Bu oyunun böyükləri məhz belə də edirlər. Misalı günümüzün elit məşqçilərindən biri - Yurgen Kloppdan verəcəm. Onu "Liverpul"la elədikləri, qazandıqları haqda saatlarla danışmaq olar. Amma bizim vaxtımız yoxdu. Müsahibələrinin birində "Komandanın qol vurmaq problemi yaranırsa, onu necə həll etmək olar" sualına alman mütəxəssis təxminən belə cavab vermişdi: "Keyfiyyət təbii ki, vacibdi. Ancaq qol vurmaq artıq problemə çevrilibsə, oyunçuları dəyişmək effektiv çıxış yolu deyil. Keyfiyyəti yox, kəmiyyəti artırmaq lazımdı. Yəni şansların sayını artırmaq, daha çox cəhd eləmək gərəkdi. Axır-əvvəl bu özünü göstərəcək". Yəni Yurgen müəllim deyir ki, sən qapıya 5 zərbə vursan, qol olmasa, 6-cı zərbəni vurmağa çalış. Yenə olmasa, 7-cini, sonra 8-cini və s. Firminyonu çıxarıb Salahı döyüşə atmaq təbii ki, effektini verər. Amma top qapıya girmirsə, Salahın bir zərbəsi heç nəyi dəyişməyəcək. Ümumiyyətlə zərbənin müəllifinin fərqi yoxdu, əsas olan zərbənin sayıdı. Çoxalt, cəhd elə, müdafiəçin də olsa o topu qapıdan keçirəcək. 


Çox sadə, dilə asan gələn yoldu. Amma boş yerdən gəlməyib, hətta mən düşünürəm ki elmi əsası da var. Pyer Ferma və Blez Paskal kimi alimlərin banisi sayıldığı ehtimal nəzəriyyəsi kimi. Bu nəzəriyyəni 1970-ci illərdə amerikalı riyaziyyatçı Persi Uorren qəpik (sikkə) eksperimenti ilə daha asan başa düşülən formada izah (sübut) edə bilmişdi. O, adi bir qəpiyi - bir tərəfində rəqəm, məsələn, 50 yazılan, digər tərəfində isə qartal şəkli olan (yaxud rusların "oryol" və "reşka"sı deyək) qəpiyi 10 min dəfə masanın üstünə eyni hündürlükdən atmışdı. Nəticədə balans yaranmış, sikkənin hər iki tərəfi təxminən eyni sayda, təxminən 50 faizə yaxın düşmüşdü. 


"Sumqayıt" 10 oyundu qol vurmur. Klopp və ehtimal nəzəriyyəsi deyir ki, bu uğursuz seriyanın qırılması üçün daha çox cəhd etmək lazımdı. Nə qədər çox cəhd etsən, istəyinə bir o qədər tez çatacaqsan. Vaqif Cavadov isə deyir ki, biz oyun ərzində 2-3 şans qazanırıq, ona görə belə alınır. Təbii ki, bu rəqəm kiçikdi və uğurlu çıxış üçün yetərli deyil. Deməli, bu sayı artımaq lazımdı? 


Necə? 


Çox sadə. Hücum edərək!


Hücum edərək, cənab Cavadov! 


Siz özünüz də hücumçu olmusuz, ona görə bunu daha yaxşı bilirsiz.


57 nəfərlə müdafiə olunmaq və oyunu əks-hücumlarda qurmaqla, oyunun yalnız 1-ci hissəsində şanslar əldə edib, yararlana bilməyib, sonra bəxtəbəxt oyunla qol vurmaq, qələbə qazanmaq mümkün deyil. Qol vurmaq üçün qapıya getmək, çox zərbə vurmaq lazımdı. Neçə oyundu "Sumqayıt" rəqib qapısına normal yaxınlaşa bilmir, çərçivəyə gedən zərbə sayları bir əlin barmaqları qədər də deyil. Belə olan halda, siz niyə qol vurmalısız ki? Bunun üçün nə edirsiz ki? Bir oyunda 3 şansla qol vurmaq mümkün deyilsə, o şans 4-ə, 5-ə, 17-yə qalxmalıdı ki, qolsuz matçlarla qollu matçların sayı arasında balans yaransın.


Cavadovun oynatdığı futbolun praqmatik olduğunu hamımız bilirik, özü də bunu elə mənim suallarıma cavab olaraq etiraf edib. Onun "Sumqayıt"ı hücum futbolu oynamır, qələbə üçün, qol üçün sağdan-soldan gəlmir, rəqibi öz qapısına sıxmır, pressinqinə, xüsusilə də yüksək pressinqinə rast gəlməmişik. Belə olan halda, niyə təəccüblənirik ki? 


Vaqif bəyə hücum futbolu oynatmağa nə mane olur? Fiziki hazırlıqdırsa, bunu düzəltməyin asan yolu var, mütəxəssis cəlb edib qısa müddətdə toparlamaq olardı (necə ki, "Neftçi"də bunu Samir Abasov elədi). Yox, taktiki məsələdisə, onu da dəyişmək problem deyil. Əsas buna qərar verməkdi. İrəli getməyə qərar vermək. Qorxmamaq. Nədən qorxacaqsan ki? Bundan da pis durum ola bilərmi? Komanda elitadan düşmək üzrədi, Cavadov hələ bunda problem görmür, dəyişmək istəmir. Hücuma getsən, qapından da çox qol buraxaqsan? Bu gün qapında otura-otura 4-nü buraxdın və tur əldən getdi. Daha nə fərqi oldu? 


Elitada qalmaq uğrunda əsas "rəqib" olan "Səbail" belə bunu başa düşüb, çıxış yolunu tapıb. Bu gün (elə əvvəlki matçlarda da) "Qarabağ"dan qorxmadılar, qol da vurdular, oyunu da demək olar ki bütünlüklə hücumda keçirdilər. Bu oyunla da Premyer Liqada xeyli xal qazanıblar, qazanmaqda da davam edirlər. Cavid Hüseynov bunu başa düşüb. Başa düşüb ki, başqa yolu yoxdu," va-bank" getmək lazımdı. Gedir də, hələ ki nəticə də qazanır da.


Eyni şeyi Ayxan Abbasov da edir, Azər Bağırov da.


Cavadov isə hələ də turnir cədvəlindəki bu durumu "problem" kimi görmür...


Bəs klub elitadan düşsə, buna kim cavab verəcək? 

Rəhbərlik məhz bu sual ətrafında düşünməlidi. Niyə məşqçi bu qədər rahatdı və son pillə ilə minimala yaxın fərqdə narahatlığa əsas görmür? Son nəticə pis olanda ilk növbədə Cavadov yox, onu bura təyin edənlər məsuliyyət daşıyacaqlar.


Hər şey bu qədər sadədi. 


Hə, bu arada. Cavadovdan öncə mətbuat konfransına Vasili Berezutski gəlmişdi. Ona "ötən matçdan sonra sizə "komandanın məhsuldarlıq problemi var, bu məsələni necə həll etməyi düşünürsüz" sualını vermişdim. Siz isə "bunun üzərində ən çox çalışan komanda məhz bizik və yenə də çalışmaqda davam edəcəyik" cavabını vermişdiz. Bu gün yetirmələriniz 4 top vurdular. Bu qısa müddətdə nəyisə dəyişdiz, yoxsa eyni rejimdə davam etmişdiz" sualını verdim. Cavabı təxminən belə oldu: "Yox, heç nəyi dəyişmədim. Sadəcə çalışmağa davam etdik. Mən demişdim ki, kəmiyyət nə vaxtsa keyfiyyətə keçəcək. Belə də oldu".


Kəmiyyətin keyfiyyətə keçməsi. Klopp, futbol, ehtimal nəzəriyyəsi, işə elmi yanaşma...


Fərqi hiss edin.