Bu yaxınlarda qarşıma bir yazı çıxdı və diqqətimi çəkdi. Qondarma Artsax futbolu ilə bağlı idi. Məlumatı olmayanlar üçün bildirim ki, artıq 4 ildir ki, dığalar özlərinin qondarma çempionatlarını keçirirlər. Əvvəllər komanda sayı çox idi. Kəlbəcər, Şuşa, Hadrut, Laçın kimi komandalar da çempionatda çıxış edirdi. Özü də iştirakçılar ev-səfər prinsipi ilə mübarizə aparırdılar. Lakin 44 günlük müharibədən sonra vəziyyət dəyişib. Hazırda bu qondarma çempionatda 9 komanda çıxış edir. Oyunlar da yalnız iki stadionda - Xankəndi və Əskəranda oynanılır. Xankəndini iki komanda təmsil edir: "Xəyal" ("Meçta") və U-17 komandası. Digər komandalar isə "Abo-Martuni", "Berd Çartar", "Berd Əsgəran", "Vank Qandzasar", "Jrabert", "Mardakert" və "Kirs Şuşi"dir. Artsax Futbol Liqasının icraçı direktoru Mher Avanesyanın açıqlamasına görə, yeni çempionatda rus sülhməramlılarının komandası da iştirak etməli idi. Lakin texniki səbəblərdən bu, baş tutmayıb. Diqqət çəkmək istədiyim, həm dövlətin, həm də AFFA-nın nəzarətdə saxlamasını vacib hesab etdiyim məqamlar nədən ibarətdir?

Qondarma çempionatı onusuz da keçirdirlər. Yəni etiraf edək ki, Qarabağın nəzarət edə bilmədiyimiz ərazilərində hələ ki, ermənilər istədiyini edir. Yəni de fakto ora nəzarət imkanımız olmadığı müddətdə bu tip turnirlər də keçiriləcək. Amma...

Həmin bu qondarma liqanın prezidentdi belçikalı Qraç Yaqandı. Deyilənə görə, Ermənistan vətəndaşlığı da var. Qısa araşdırnma apardım, doğum yeri, futbolçu karyerası daha çox Belçika ilə bağlıdır. Sadəcə, 2010-cu ildə Ermənistan Futbol Federasiyası bunu Ermənistanın millisinə dəvət edib, milliləşdirərək Ermənistan pasportu verib. Daha sonra da futbolçu karyerasını başa vurub Ermənistan Futbol Federasiyasında çalışmağa başlayıb. Bir neçə il öncə isə Dağlıq Qarabağa gəlib. Bu şəxsi təcili "qara siyahı"ya salmaq lazımdır. Çünki sabah yenidən Belçikaya qayıda, Belçikanın hansısa klubunun və ya millisinin heyətində Azərbaycana səfər edə bilər.



Digər vacib bir məsələ. Avanesyan deyib ki, ad açıqlamayacam, amma xaricdən maliyyə dəstəyimiz var. Araşdırma aparmaq lazımdır ki, kimdir o dəstəyi verənlər, hansı ölkələrdən gəlir o dəstək, dəstək göstərənlər hansı ölkələrdə yaşayırlar, hansı ölkələrdə biznes fəaliyyəti ilə məşğuldular. Bəlkə elə bir şirkətdir ki, həmin şirkət bu dəqiqə Azərbaycanda da fəaliyyət göstərir?



Üçüncü məsələ, elə Avanesyanın özü ilə bağlıdır. Belə ki, qondarma Artsax Futbol Liqasının icraçı direktoru postunu tutan bu şəxs həm də paralel olaraq, Ermənistan I Liqasında çıxış edən Lernayin Artsakh FC-nın prezidentidir. Hansı ki, növbəti mövsümdən Ermənistan yüksək liqasında oynamaq istəyir və akkreditasiya üçün Ermənistan Futbol Federasiyasına müraciət etməyi düşünür. Etiraf edək ki, mümkünsüz bir şey deyil. Yəni günü sabah "Artsakh FC" yüksək liqaya vəsiqə qazana və akkreditasiya əldə edə bilər. Ordan da avrokuboklara vəsiqə qazana bilərlər. Düşünürəm ki, AFFA bu məsələni diqqətdə saxlamalı və UEFA vasitəsi ilə davamlı olaraq, Ermənistan Futbol Federasiyasına təzyiq edilməlidir. Hətta Avenasyanı separatçılığın təbliğatçısı kimi futboldan ömürlük silmək mümkündür. Eləcə də separatçı ilə işbirliyinə gedən Ermənistan Futbol Federasiyasına da ağır cəza verdirmək olar. Çünki heç kimin tanımadığı qondarma bir "dövlət"in qondarma, UEFA tərəfindən tanınmayan və qəbul edilməyən liqasında mühüm post tutan bir şəxs UEFA üzvü olan bir qurumun bayrağı altında keçirilən çempionatda klub prezidenti kimi təmsil olunur. Tamamilə bütün hüquq qaydalarına, UEFA və FİFA nizamnaməsinə ziddi bir addımdır.

Diqqətdə saxlanılmalı növbəti vacib məsələ isə sülhmərlılarla bağlıdır. Düzü, mən bilmirəm proses necə gedib. Böyük ehtimal təşəbbüs ermənilərdən gəlib. Çünki Dağlıq Qarabağdakı ermənilər az qala iki əlli yapışıblar rusun ətəyindən. Sülhməramlıları tortla, şirniyyatla qarşılayan bunlar idi. İndi də yaltaqlıq üçün sülhməramlılardan onların qondarma çempionatında oynamağı xahiş edə bilərlər. Amma yenə də məsələ Azərbaycan dövləti tərəfindən diqqətdə saxlanılmalı və hətta mən deyərdim ki, araşdırılmalıdır. Çünki Rusiya Dağlıq Qarabağa sülhməramlı missiya üçün gəlib. Üzərinə düşən vəzifə isə 10 noyabr müqaviləsinin bəndlərini icra etməkdir. Yəni ruslar Qarabağa sülhü təmin etməyə, separatçıların təmizlənməsində rol oynamağa gəliblər, həmin separatçılarla futbol oynamağa yox. Üstəlik, təmsil etdiyi dövlət Artsaxın müstəqilliyini tanımır. Eləcə də Rusiya Futbol İttifaqı da qondarma Artsax Futbol Liqasını qəbul etmir. Belə olan halda, rus sülhməramlıları komanda təşkil edərək qondarma bir çempionatda hansı əsasla oynaya bilər? Ola bilsin bəlkə də öz komandanlıqları vaxtında məsələnin üstünə düşüb və bunun qabağını alıb. Ya bəlkə həqiqətən rusların da belə istəyi olub və Avenansaynın dediyi kimi, texniki problem buna mane olub. Əgər məsələ texniki problemlə bağlı olubsa, belə çıxır ki, növbəti mövsüm həmin texniki problemi həll edib sülhməramlıların da qondarma çempionatda iştirakını təmin etmək olar. Ona görə bir daha təkrar edirəm ki, bu məsələni də xüsusi araşdırmaq lazımdır. Avensanyan niyə rus sülhməramlılarının adını çəkib, belə bir təşəbbüs kim tərəfindən, hansı şəraitdə irəli sürülüb. 

 

Anar XANLAROV