Quba Olimpiya İdman Kompleksində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəhbərliyinin Quba rayonunun idman ictimaiyyəti ilə görüşü keçirilib.

Rekord.az xəbər verir ki, görüşdə Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Quba Olimpiya İdman Kompleksinin direktoru Cavid Seyidov, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rayonları üzrə sektorlarının müdirləri, Quba rayonunda fəaliyyət göstərən idman qurğularının rəhbərləri, hakimlər və məşqçilər iştirak etmişlər.

Görüşdə ilk öncə Ümmumilli Lider Heydər Əliyevin, Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Sonra Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin növbəti Kollegiya iclasının Qərarı ilə Quba 2024-cü il üçün “İdman Paytaxtı” seçilməsi münasibəti ilə idmançıları və qonaqları təbrik edib 2024-cü il ərzində keçiriləcək tədbirlərin, yarışların, turnirlərin müzakirəsinə başlamışdır.

Sonra çıxış edən Quba Olimpiya İdman Kompleksinin direktoru Cavid Seyidov cənab Prezident İlham Əliyevin hər zaman idmana, idmançılara olan diqqət və qayğısından, rayon ərazisində yenidən istifadəyə verilən İdman Olimpiya Kompleksinin bütün idman standartlarına cavab verməsindən danışıb və Qubanın “İdman Paytaxtı” seçilməsi münasibəti ilə tədbir iştirakçılarını təbrik etmişdir.

Daha sonra idmançılarla təşkil olunacaq yarışlar, gənclərin idmana cəlb olunması tədbirləri, təkliflər müzakirə olunub, idman ictimaiyyətini maraqlandıran suallar cavablandırılmışdır.