“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri ilk oyunu şərh edib.

Rekord.az xəbər verir ki, o, 0:0 hesabıyla başa çatan matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“İlk oyunda qalib gəlmək istəyirdik, alınmadı. Futbolçular əziyyət çəkirlər. Oyunlarımız çox olduğundan istədiyimiz kimi rotasiya edə bilmirik. Hücumda problemlərimiz var. Finala çıxmaq üçün cavab görüşündə qələbə qazanmaq lazımdır. Bu rəqib qol vurmağı bacaran komandadır. Cavab görüşündə daha diqqətli olmalıyıq”.

Qurbanovun sözlərinə görə, ikinci hissədə oyuna daxil olan Abdullah Zubirin əvəzlənməsi onu zədədən qorumaq üçün idi: "Özüm də hirsləndim ki, Zubir oyun başlayandan müdafiəçilərin ardıcıl zərbələrinə məruz qalırdı. Nə mən, nə də futbolçularım indiyədək rəqibə hörmətsizlik etmişik. Son zamanlar bəzi futbolçularıma qarşı aqressiya var. Xüsusən Zubirə qarşı. Çox oyunlar olub ki, özümü saxlayıram, səbrli oluram. Amma futbolçunun da karyerası var, ailəsini bizdə oynaya-oynaya dolandırır. Hər birinin xətrini çox istəyirəm. Bəzi komandalar sırf ona qarşı aqressiv oynayırlar. Bu gün də 5 dəfə ayağından vurdular. Ötən oyun 2 futbolçumuz zədələndi. Qərəzli deməzdim, amma elə epizodlar var ki... Boş-boşuna Zubiri meydandan çıxarmaram. Sadəcə, tövsiyə edirəm ki, rəqibə hörmətlə yanaşsınlar. Dəfələrlə olub ki, futbolçularımızı bilə-bilə sındırırlar. Bizə qarşı belə oynamaq olmaz! Yenə bütün rəqiblərə hörmətlə yanaşacağıq. Amma bu dərəcədə olmaz".