Türkiyə Superliqasına vəsiqə qazanan “Hatayspor” “Qarabağ”ın baş məqçisi Qurban Qurbanovdan əl çəkmir. Azərbaycanlı çalışdırıcı türk klubunun təklifinə “yox” desə də, “Hatayspor” onu baş məşqçi görmək israrını davam etdirir.

Son olaraq bu barədə “Hatayspor”un prezidenti Nihat Tazearslan “CBC Sport”a açıqlama verib: "Hələ heç nə bəlli deyil. Hər şey bu həftə bəlli olacaq. Hazırda danışıqlar davam edir. Cümə günü İdarə Heyəti ilə toplantı keçirəcəyik və bu məsələyə də orada aydınlıq gələcək".

“Hatayspor”un israrları əfsanəvi məşqçimiz ətrafında çoxsaylı müzakirələrin açılmasına səbəb olub. Əsas suallardan biri o gedərsə, bunun karyerasına necə təsir edə biləcəyi yönündədir. Sözsüz ki, azərbaycanlı futbolsevərlər istənilən halda onun gedişini istəmirlər. Çünki Qurban Qurbanov bu ölkənin futbol tarixinə Qarabağ adı altında qızıl hərflərlə şərəfli bir tarix yazıb. Artıq heç kimi onu “Qarabağ”sız təsəvvür etmir.

Tanınmış idman yazarı Natiq Muxtarlı Q.Qurbanovun xaricə getməsinin tərəfdarıdır: “Qurban Qurbanov mütləq bu təklifi dəyərləndirməlidir. Çünki o, real şərtləri nəzərə alsaq, Azərbaycan futbolunda maksimum uğuru qazanıb. Bundan artıq heç bir perspektiv yoxdur. Belə deyək, Qurban Qurbanovun məşqçi bacarığı Azərbaycan futbolunun potensialından üstündür. Bu potensialı göstərmək üçün xaricdən gələn təklifi qəbul etmək lazımdır. Amma qarşı tərəfin də şərtləri diqqətlə analiz edilməlidir. ”Hatayspor" rəhbərliyi gələcəyə hesablanmış komanda qurmaq istəyirsə, Qurbanovun təklifi qəbul etməsi məntiqli olar. O, bu komandanı quracaq. Yox, “Hatayspor” rəhbərliyi elə bizim AFFA rəhbərləri düşüncəsindədirsə, onda təklifdən imtina etmək lazımdır. Sirr deyil ki, Türkiyə futbolu mətbuatın və azarkeşlərin təzyiqindən asılıdır. Təbii, Qurbanova yeni komanda formalaşdırmaq, öz oyun fəlsəfəsini diktə etmək üçün vaxt lazımdır. Bu işləri görənə qədər isə komandada uğursuzluq da ola bilər. Rəhbərlik bu müddətdə Qurbanovu dəstəkləyəcək, yoxsa mətbuatın və azarkeşlərin təzyiqinə təslim olacaq?

Natiq Muxtarlı: “Qurbanov mütləq Azərbaycanı tərk etməlidir”

Bax, bu, vacib amildir və mütləq nəzərə alınmalıdır. Şəxsi fikrim budur ki, Qurbanov mütləq Azərbaycanı tərk etməlidir. Həm də ona görə ki, bir xeyli “istedadlı mütəxəssis” azarkeşlərin, elə AFFA rəhbərliyinin də Qurbanovun Azərbaycan futbolu üçün nə qədər önəmli bir kadr olduğunu anlamaları vacibdir. Onun “Qarabağ”dan getməsindən sonra bunu mütləq anlayacaqlar. Üstəlik, Qurbanovun Türkiyədən gələn təklifi qəbul etməsi Azərbaycan futboluna marağı da artıracaq. Vaxtilə bu işi rəhmətlik Ruslan Abdullayev başlayıb, indi isə missiyanı Qurbanov davam etdirməlidir. Bundan qorxmağa dəyməz. Mən əminəm ki, Qurbanovun “Qarabağ”ı Türkiyənin heç bir klubundan zəif deyil. Belə kiçik büdcə ilə bunu bacarıbsa, “Hatayspor”da da bacarar. Heç şübhəsiz, “Hatayspor”un büdcəsi “Qarabağ”ın büdcəsindən qat-qat artıq olacaq. Çağırışı qəbul etmək lazımdır, Qurban Qurbanov! Hesab edirəm ki, bu mütəxəssisin ölkə xaricində də özünü sübut etməsinin zamanı çatıb".

Kənan Məstəliyev: “Qurban Qurbanovdan əlimizdə cəmi bir dənə var”

Rekord.az saytının baş redaktoru Kənan Məstəliyev tamam fərqli düşünür: “Məncə, Qurban Qurbanov bu təklifi qəbul etməməlidir. Əvvəla, Azərbaycanın hələ də ona ”Qarabağ"da işləməyinə və ermənilərlə bu həssas dövrümüzdə qələbələr qazandırmağına ehtiyacı var. Onsuz da bu ölkədə bu komandadan başqa ümid ediləsi və bu ümidləri doğruldacaq başqa komanda yoxdur. Onun da həm baş məşqçisi, həm də mənəvi başçısı Qurbanovdur. Onsuz ağdamlıların uğur qazanma ehtimalı çox aşağıdır. Üstəlik, 6 ildi avrokuboklarda qruplarda oynayan komandanın baş məşqçisinin Superliqaya yenicə vəsiqə qazanmış kluba gedişi riskli addımdır. Bura Türkiyədir. Bura Visente Del Boskeyə “kənd qəssabı” deyilib hörmətsiz şəkildə yola salınan yerdir. Burada dünyanın ən tanınmış məşqçiləri belə baş çıxara bilməyiblər. Bu o demək deyil ki, Qurbanov da bacarmayacaq. Əksinə, peşəkar münasibətlər olsa, o, həmin “Hatay”ı Avropa zonasına daşıya biləcək gücdədir. Amma bir daha təkrar edirəm, peşəkarlıq olar ki, o da çətin məsələdir. Bəh-bəhlə, hay-küylə gətirilən məşqçini 3-4 tur sonra göndərmələrinə onlarla yox, yüzlərlə şahid olmuşuq. Qurban Qurbanovdan əlimizdə cəmi bir dənə var. Onu da göndərib xərcləmək riskini gözə almamalıyıq. Olmayacaq bu il, olacaq gələn il. Daha yaxşı təklif olacaq, gedəcək işləyəcək".

“Yeni Müsavat”