"Qarabağ"ın baş məçqçisi Qurban Qurbanov Konfrans Liqasının "Kayrat" - "Qarabağ" (0:1) matçından sonra mətbuat konfransı keçirib. Rekord.az Qurbanovun fikirlərini və ona ünvanlanan suallara cavablarını sizə təqdim edir:

 

- Hər kəsi salamlayıram. İlk öncə, futbolçularımı təbrik edirəm. Bakıda da qeyd etmişdim, çox yaxşı bir komandaya qalib gəldik. Hər iki oyunda meydançada 90 dəqiqə yaxşı mübarizə getdi. Bu oyun həddindən artıq vacib idi və dünən də qeyd etmişdim ki, bugünkü oyunu daha yaxşı oynamalıyıq, daha yaxşı motivasiya olmalıyıq. Hava şəraitinə və meydançanın durumuna baxmayaraq, futbolçularım bütün çətinliklıərə dözdülər, qalib gəlmək üçün lazım olanın ən yaxşısını etdilər. Müdafiədə oturmadıq və irəli çıxaraq topla yaxşı davranmağı bacaran rəqibə bu imkanı vermədik. Düzdür, hər iki qapıda qol imkanları oldu, amma bununla belə, futbolçularım çalışdılar ki, sona qədər diqqətli oynasınlar. Düşünürəm ki, futbolçularım çox böyük zəfər qazandı. Bu arada, "Kayrat" komandasına və çox hörmətli Kurban Berdiyevə də uğurlar arzulayıram. 

- Sizin komandanızda Qazaxıstanın "Tobol" komandasında oynamış Emil Balayev də yer alıb. Onun ehtiyatda qalmasının səbəbi nədir? Qazaxıstanla Azərbaycan çempionatı arasındakı fərq, ya necə?

Heç bir səbəb yoxdur. Biz hər iki qapıçıya inanırıq, güvənirik. Sadəcə, Şahruddin oynadığı oyunlarda yaxşı təsir bağışladı. Bununla belə, statistikaya baxsaq, Azərbaycan çempionatında demək olar ki, hər iki qapıçıya eyni dərəcədə şans veririk. Deməzdim ki, Qazaxıstan çempionatı ilə Azərbaycan çempionatı arasında böyük fərq var. Sadəcə, çərçivə elə mövqeydir ki, yalnız bir nəfər dayanmalır və biz də çalışırıq ki, hər iki qapıçı oyun praktikasını itirməsin. 

- Oyundan öncə belə bir informasiya yayıldı ki, Abdulla Zubir zədəlidir və bu oyunu buraxa bilər. Əksəriyyət də düşünürdü ki, o, bu gün oynamayacaq. Lakin Zubir 90 dəqiqə oynadı, hətta müdafiəyə də kömək elədi, qol da vurdu. Oyun öncəsi bu cür informasiyanın yayılması məşqçi hiyləgərliyi idi, yoxsa hansısa möcüzəli dərman Zubirə kömək elədi?

- Biz heç vaxt yalan danışmamışıq, heç vaxt da hiyləgərlik etmirik. Siz sadəcə, "Neftçi" ilə son matçımızın videosuna baxın. Görəcəksiniz ki, Zubir meydançanı zədə ilə tərk etdi. Hətta bizim əvəzləmə limitimiz də bitmişdi. Həkimlər də öz rəyini oyunun səhəri günü bildirdiyi üçün dərhal qəti fikir söyləyə bilməzdik. Bu səbəbdən ehtiyatlanırdıq. "Neftçi" ilə oyundan sonra həqiqətın kiçik problem yaranmışdı. Amma iki gün sonra özünə gəldi. Yəniz biz heç bir hiyləgərlik etməmişdik.

- İlk hissədə "Kayrat"ın bir neçə real qol imkanı oldu, Vagner Lavın bir zərbəsi dirəkdən döndü. Belə olan halda, komandanızın ilk hissədəki oyunundan razı qaldınız?

- İnanın ki, bu oyunu uduzsaydıq belə, bu cür oyuna görə futbolçularımdan razı qalacaqdım. İlk hissədə bizim də qol epizodlarımız oldu. Futbolun gözəlliyi də oyun zamanı bu cür epizodların olmasıdır. Oyun öncəsi Vagnerin ustalığını da qeyd etmişdik, onun epizodlarına da baxmışdıq. Düzdür, futbolçularım diqqətli olmalı idi. Amma bir daha deyirəm, Vagnerin, eləcə də Kantenin ustalığını da nəzərə almaq lazımdır.

- Klubunuzun prezidenti belə bir açıqlama vermişdi ki, komandasının final oynamasını istəyir. Baş məşqçi olaraq, sizin buna münasibətiniz necədir. Əgər bu, baş verməsə, hansı nəticə sizin üçün uğur sayılacaq?

- Bəli, belə bir müsahibə olmuşdu. Amma orda daha çox klub prezidentimizin istəyi qeyd olunmuşdu. Yəni o, komandamızın finala kimi getməsini istəyir. Bu gün komandasına güvənir, inanır. Mən qrupun ilk oyununda bildirmişdim ki, burdakı bütün komandalar növbəti mərhələyə keçməyə qadirdi. Çünki hər birinin yaxşı düşünülmüş oyun fəlsəfəsi var. Ola bilsin, bəlkə də gücümüz o qədər olmasın, amma istəyimiz daha çoxdu. Biz bütün oyunlara eyni istək, eyni motovasiya ilə çıxırıq. Bundan sonra da belə olacaq. Futbolçularımız yalnız bu cür "böyüyə" bilər. Əlbəttə, rəqibin oyun planından da çox şey asılıdır. Amma rəqib tərəfədən nə qədər təzyiq olsa da, çalışırıq ki, əksinə, ilk olaraq, biz özümüz rəqibə təzyiq göstərək.

- Qazonun durumu necə idi?

- Super. Dünən daha yaxşı idi, bu gün amma bir qədər donmuşdu. Bununla belə, hər şey yaxşı idi.

- Kadyinin durumu necədir?

- Ümumən pis deyil. Bir az baş gicəllənmə var. Düşünürəm ki, çox ciddi olmayacaq, amma bir az dincəlməlidir.