Qurban Qurbanov: "Məğlubiyyətsizlik seriyamızda gizli nə isə yoxdur"
- 03 Noy 2021 18:20
- 429
"Daha ciddi və möhkəm olmalıyıq. İnanıram ki, meydanda yaxşı mübarizə və yaxşı futbol olacaq".
Rekord.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Qazaxıstanda "Kayrat"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup mərhələsinin IV tur oyunundan əvvəl mətbuat konfransında deyib.
49 yaşlı mütəxəssis avrokuboklarda məğlubiyyətsizlik seriyasını öz üçün xoş hal hesab etsə də, bunun müəyyən narahatlıq yaratdığını söyləyib: "Bu seriyanı davam etdirmək istəyirik. Amma hər uğurlu nəticənin bir sonu olur. Bu gün ümumiyyətlə bu barədə düşünmürük. Turnirdəki hər oyuna maksimum hazırlaşır, maksimum motivə olmağa çalışırıq. İnanıram ki, sabah bu seriyanı yox, oyunun vacibliyini düşünərək meydana çıxacağıq. Deməzdim ki, burada hansısa gizli nə isə var. Amma hər halda bu xoşdur. Məğlubiyyətsizlik seriyasını davam etdirə biliriksə, deməli, daha ciddi hazırlaşmışıq. Bütün fikrimiz və diqqətimiz sabah meydanda ən yaxşısını etməkdir. Oyunçuları meydana ən yaxşı formada çıxarmaq niyyətindəyik".
Qurbanov Almatıdakı soyuq hava şəraitinin hər iki komanda üçün eyni olacağını vurğulayıb: "Təbiətdə pis hava olmur. Futbolçulara demişəm ki, biz çətinliklərə dözməli və daha möhkəm olmalıyıq. Bəzən belə çətinliklər bizə əlavə motivasiya verir. Soyuq havanı gözləyirik. Amma hər halda səfərdə oynamağımıza baxmayaraq, hər iki komanda üçün eyni şərait olacaq".
Təcrübəli mütəxəssis hazırda 7 xala malik "Qarabağ"ın qrupdan çıxma şanslarını dəyərləndirib: "Bizim sabahkı matçla birlikdə qarşıda hələ 3 oyunumuz var. Hər matçda qalib gəlmək və yaxşı oynamaq istəyirik. Qarşımıza məqsəd qoymuşuq ki, istənilən rəqibə qarşı yaxşı mübarizə aparaq. Bu gün futbolda mübarizə həddindən artıq çox önəmlidir. Biz bunu bacarsaq, inanıram ki, oyunumuz daha da yaxşılaşacaq. Belə olacağı halda, nəticə daha çox bizim düşündüyümüz kimi olacaq. Sabahkı qarşılaşmada qrupdan çıxma şansımız varsa, çalışacağıq ki, bundan maksimum istifadə edək".
Onun fikrincə, avrokuboklardakı 8-ci cəhddə qrupdan çıxma şanslarının yaranması komanda üzərində hansısa təzyiq yarada bilər. Amma Qurbanov böyük təcrübəyə malik olduqlarını xatırladıb: "Qrupdan çıxmadığımız dönəmlərdə də böyük şanslarımız olsa da, bəzi çatışmazlıqlar buna mane olub. Ancaq heç vaxt ruhdan düşmürük. Bunu özümüzə problem yaratmamışıq. Başa düşürük ki, bu, idmandır və idmanda belə şeylər olur. Əvvəlki illər haqqında heç nə düşünmürük. Sabahkı qarşılaşmaya köklənmişik".
Baş məşqçi "Kayrat" barədə də fikirlərini bölüşüb: "Rəqibimizin çox yaxşı və təcrübəli baş məşqçisi var. Komanda kollektiv oyuna üstünlük verir, həddindən artıq çox intizamlı müdafiə olunur. Əks-hücumlarda isə çox təhlükəlidirlər. Futbolçular bir-birilərini yaxşı anlayırlar, topla və topsuz nə etdiklərini bilirlər. İntizamlı olan komanda həmişə təhlükəlidir. Bunlara qarşı sonadək diqqətli olmalıyıq. Bakıdakı oyunun əvvəlində də bildirmişdim ki, "Kayrat"a qalib gəlmək istəyiriksə, daha ciddi olmalı və yaxşı oynamalıyıq. Çünki rəqib sabah qalib gəlmək üçün bəlkə də karyerasının ən yaxşı oyununu göstərəcək. Həqiqətən bu komandaya, baş məşqçiyə və oyun üslublarına hörmətlə yanaşıram".
Qeyd edək ki, noyabrın 4-də "Aralık" stadionunda keçiriləcək "Kayrat" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 19:30-da başlanacaq. (Report)