Qurban Qurbanov: “Qarabağ”da oynamaq asan deyil”
- 22 Noy 2019 21:18
- 1131
Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində "Sumqayıt"la qarşılaşan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.
Rekord.az xəbər verir ki, Qurbanov 1:2 hesabıyla uduzduqları görüşü belə şərh edib:
- Ayxan Abbasovu təbrik edirəm. Məğlubiyyəti gözləyirdim. Neçə oyun idi uduzmurduq. Bu, baş verməli idi. Ancaq bunu futbolçulara bildirmirdim. Hazırda futbolçuların üzərinə çox getməyəcəm. Son zamanlarda bəzi epizodlar var ki, komandayla təhlil edirik.
- Komandanın fikri artıq "Sevilya" ilə oyundadı, deyə bilərik?
- Belə deməzdim. Sadəcə, iki fərqli hissə oldu. Qola kimi həddindən artıq top itkilərinə yol verdik."Sumqayıt" da aktivliyini artırdı. Çox nüanslar göstərmək olar, sadəcə, məğlub olmuşuq və bunu qəbul edirəm. Son zamanlarda komandanı tam formalaşdıra bilmirəm. Zədəlilər var, biri sağalır, biri zədələnir. Hər bir halda, bunlara hazır olmalıyıq. İnanmıram ki, fikrimiz "Sevilya"da olsun. Hamımız qələbə qazanmaq istəyirdik.
- Son 4 oyunda komandanın məhsuldarlığı aşağı düşüb. Bu, nəylə bağlıdı?
- Son zamanlarda hücumçularımız çox zədələnir. Bu mövqedə problemlər olur. Yavaş-yavaş hamı qayıdır. Bu gün ümumiyyətlə 1:2-dən sonra Dani Kintananı da buraxa bilərdim, ancaq risk etmək istəmədim. Futbolçuları qorumağa çalışdım.
- "Sevilya" səfəri öncəsi belə məğlubiyyət komandaya psixoloji cəhətdən təsir edəcəkmi və etsə, bunun qarşısını almaq üçün nə edəcəksiz?
- İstər-istəməz təsir edəcək. Biz peşəkarıq, oyundan sonra da futbolçulara fikrimi bildirdim. Bu gün tam soyuqqanlı olduq. Məğlubiyyəti tez bir zamanda yaddan çıxarmalıyıq. Böyük komandayıqsa, belə məğlubiyyətləri tez unutmalıyıq. Düşünürəm ki, problem olmayacaq. Hazırda əsas olan futbolçuların tam formasını qorumaqdı.
- Musa Qurbanlı nə üçün oynamır? Atasına görə, yoxsa istənilən səviyyədə deyil?
- Hər şeyin öz vaxtı var. Musa ilə yanaşı, digər gənc oyunçular da var. "Qarabağ"da oynamaq asan deyil. Onlar daha da çox çalışmalıdılar, zaman gələcək oynayacaqlar.
- Asmir Beqoviçin nə vaxtsa rotasiyaya uğraması gözlənilirmi?
- Olacaq yəqin. Qarşıdakı oyunlara baxacağıq. Bu gün də bir az bu fikir var idi. Abbası da ehtiyatda saxlamağı düşünürdüm, ancaq oynadı. Düşünürəm ki, pis də çıxış etmədi. (komanda.az)