Qurban Qurbanov: “Sabah hər şey yerində olacaq”
- 25 Avq 2020 14:30
- 582
“Bütün oyunlar olduğu kimi, bu matç da bizim üçün vacibdir. Xüsusən də, bu il diqqətli olmalıyıq”.
Rekord.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Moldova çempionu “Şerif”lə keçiriləcək oyun barədə danışarkən deyib.
Təcrübəli mütəxəssis qarşılaşma öncəsi Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan mətbuat konfransında sabahkı görüşü dəyərləndirib: “Bir oyun nəticəni həll edir. Yaxşı, təcrübəli komandaya qarşı oynayırıq”.
- Mətbuatda belə fikir səslənir ki, “Şerif” əvvəlki kimi güclü deyil...
- Belə fikirlər həmişə olur. İllər ötdükcə klub böyüyür, futbolçular daha təcrübəli olur. Bu fikirlə razı deyiləm. Hər iki komandanın kifayət qədər təcrübəsi var. Hər oyun bizim üçün çətin olur. Bəzi fikirlərin dəfələrlə əksini görmüşük.
- Ot örtüyü sanki bir qədər yaxşıdır...
- İnşallah, pis olmayacaq. Ümid edirəm ki, sabah ot örtüyü daha yaxşı olacaq.
- Abdullah Zubir son vaxtlar formada deyil. Onun durumu nə yerdədir?
- Zubirin oyun sistemimizə böyük faydası var. Oyunçulardan indi əvvəlki performansı tələb edə bilmərik. Düşünürəm ki, bu oyunda daha yaxşı Zubir görəcəyik.
- Sabah psixoloji durum, yoxsa meydandakı durumu həlledici olacaq?
- Bunları heç vaxt ayırmamışam. Çünki hər ikisi bir-birini tamamlayır. İnşallah, sabah hər şey yerində olacaq.
- Rəşad Sadıqovun yoxluğunu hiss edirsinizmi? Kevin Medina ilə onun müqayisəsini aparsaq, hansı qənaətə gəlmək olar?
- Rəşadın meydanda yoxluğunu bütün Azərbaycan futbolu hiss edəcək. İstərdim ki, Rəşad kimi lider hər komandanın heyətində olsun. Hər bir məşqçi bir və ya bir neçə lideri önə çəkir. Rəşadın meydanda olması mənim üçün böyük kömək idi. Medina ilə Rəşad fərqli oyunçulardır, hərəsinin öz üslubu var. Rəşaddan fərqli faydalanırdıqsa, Kevindən fərqli şeylər tələb edirik. O, hələ tam uyğunlaşmayıb. Amma müdafiə xəttini gücləndirəcək oyunçudur. Nadir hallarda oyunçuları bənzətmək olur.
- “Qarabağ”ın yaxşı hücumçuya ehtiyacı var. Sabah ön xətti necə dolduracaqsınız?
- Mahir Emrelinin oyunundan tam razıyam. O, ildən-ilə inkişaf edən yaş dövründədir. Son vaxtlar daha peşəkar olub. Belə davam etsə, daha yaxşı Mahir görəcəyik. Belə oynamaq onun borcudur. Mahir əvvəl cavan idi, təcrübəsi çatmırdı. Amma indi cavan və təcrübəli oyunçdudur. Təbii ki, bir neçə oyunçu olarsa, komandaya faydası çox olar.
- Qapıda kim dayanacaq?
- Emin və Şahruddindən biri (gülür).
- Belə görünür “Şerif”lə oyuna transfer yetişməyəcək.
- Bu oyuna mümkün olmayacaq. Amma gələn oyuna ümid edirəm ki, alınacaq. Danışıqlar müsbətə doğru gedir. Orta sahəyə yeni oyunçu olacaq.
- Oğlunuz Musa Qurbanlının “Zirə”yə yollanmaq ehtimalı var?
- Komandada olan gənclər hələ bizimlədirlər. Böyük ehtimalla burada da olacaqlar. (apasport)