Qurban Qurbanov “Şerif” üzərində qələbəni şərh etdi
- 26 Avq 2020 22:26
- 695
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Moldovanın “Şerif” klubuna qarşı keçirdikləri oyunu şərh edib.
Rekord.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 2:1 hesabıyla qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
- Sona kimi mübarizə apardıq. Bu qələbə bizim üçün çox vacib idi. Sönük oyun kimi görünə bilər, amma yetərincə imkanlarımız oldu. Bu imkanları qola çevirə bilmədik deyə, əsəbiləşdim. Futbolçularımı təbrik edirəm, ən azı Avropa Liqasının pley-offunu təmin etdik.
- 2-ci qoldan sonra komandada arxayınlıq var idi sanki...
- Arxayınlıq yox idi. Sadəcə, belə oyunlarda rəqib daha aktiv olmağa çalışır. Oyunda maksimum 3-5 dəqiqə ola bilər ki, oyunumuzu itirdik. Arxayınlıq deyildi, sadəcə, futbolçularımız belə tez qırmızı vərəqə gözləmirdi. Fasilədə də futbolçulara tapşırıq verdim ki, daha ciddi olsunlar.
- Uroş Matiçdən istədiyinizi ala bilirsiz?
- Miçel olanda biz sistem olaraq fərqli oynayırdıq. İndi başqa sistemlə oynayırıq. Matiç daha geridə çıxış edir. Bundan daha yaxşı Matiç görəcəyik. 4-5 ay oynamayan futbolçu yeni komandaya gələndə formasını bərpa etməsi üçün vaxt lazımdır.
- Qarşıda milli komandanın oyunları var. Bu cür sırf qrafiklə oynamaq futbolçular üçün daha faydalı olacaq, yoxsa uçuruma apara bilər?
- Futbolçular üçün çox çətin olacaq. Qrafik həddindən artıq sıxdır. Çox ağır bir qrafikə düşürük. 2-3 gün bundan əvvəl də bunu müzakirə edirdik. Belə qrafik futbolçuların yorğunluğuna, onların zədələnməsi gətirib çıxara bilər. Uçuruma apara bilər deməzdim. Sadəcə, oyun zamanı tempin aşağı olmasını görə bilərik. Bu oyunda da azarkeşlər olsaydı, hücumlarımız daha effektiv ola bilərdi.
- Rəqibin baş məşqçisi hələ konfransa qatılmır. Siz də nə vaxtsa konfransa qatılmaq istəməmisiz?
- Bir dəfə olub, hətta stadiondan çıxmışam, amma daha sonra geri qayıtmışdım. "Qarabağ"a təzə gələndə "Simurq"a uduzmuşduq. Amma sonra konfransa gəlmişdim.
- Müdafiədə boşluqlar var idi. Bəzən Bədavi, bəzən də Medina səhvlərə yol verirdi...
- Daha yaxşı müdafiə görəcəyik. Bu gün kiçik səhvlər var idi, bunlar da düzələcək. Sadəcə, yorğunluq var idi. Bəzi detallar var ki, futbolçuların daha dəqiq oynamasına mane olurdu. (komanda.az)