“Qurban Qurbanov xaric olmaqla qalan məşqçilərimizin yetərli biliyi yoxdu” MÜSAHİBƏ
- 05 Sen 2021 17:00
- 782
Uzun müddətdi böyük futboldan uzaq düşən, səsini eşitmədiyimiz Bəhmən Həsənov “Futbol+”ə müsahibə verib. Rekord.az həmin müsahibəni sizə təqdim edir:
- Uzun müddətdi böyük futboldan uzaqsız. Hazırda hansı işlə məşğulsuz? Yenidən böyük futbola qayıtmaq fikriniz var?
- Əvvəla, sizə minnətdarlığı bildirirəm ki, həm uşaq, həm peşəkar futbolda yetərincə uğurları olan məşqçini yada saldız. Futboldan uzaqlaşmamışam, həmişə bu sahədəyəm. Hazırda Kazbek Tuaevin rəhbərliyi altında futbol akademiyasında məşqçi-müəllim kimi çalışıram. Bununla yanaşı, dostumun biznes sahəsi var, onun bir qoluna da rəhbərlik edirəm. İşimdən və həyatımdan məmnunam. Futbol bizim keçmişimiz və gələcəyimizdi. Qayıtmaq fikrim olsa da, yer yoxdu. Premyer-liqa və birinci divizion məlumdu. Heç bir məqsədləri, strategiyaları yoxdu. Pandemiyaya qədər İrandan dəvət alırdım. İndi də vəziyyət normallaşıb və sentyabrın 10-da ora gedəcəm. Yəni demək istədiyim odu ki, həmişə futbolun içindəyəm.
- Ölkə çempionatını izləyirsiz?
- Azərbaycan premyer-liqasının oyunlarını izləmirəm. Bunun da səbəbləri var.
- Nədi səbəblər?
- Əsas səbəb odu ki, premyer-liqada nəticə qazanmaq çox asanlaşıb. Mütəxəsisslər inciməsinlər, amma mən gerçəkləri danışacam. Hazırda futbolumuzun yüksək səviyyəyə qalxması üçün Qurban Qurbanov xaric olmaqla qalan məşqçilərimizin yetərli biliyi yoxdu. Bir neçə cəhətdən oyunlarını və futbola baxışlarını dəyişməlidilər. Millidən tutmuş, aşağı yaş qrupu üzrə liqalara kimi vəziyyət belədi. Mahir Emrelinin verdiyi müsahibə Azərbaycan futbolunun hazırda nə gündə olduğunu göstərir. Bunun da səbəbkarı məşqçilərdi. Mütəxəsissin ölçü meyarı onun yetişdirdiyi oyunçulardı. Hazırda ən yüksək səviyyədə olan futbolçumuz Mahir Emrelidi. Onun da texniki qüsurları həddən artıq çoxdusa, Azərbaycanda heç bir məşqçi deyə bilməz ki, mən əsl məşqçiyəm.
- Azərbaycan futbolunda problem nədən qaynaqlanır? Həll yolu nədi?
- Futbolun inkişafının üç əsas meyarı var: savadlı məşqçilər, bəlli sistem və istedadlı futbolçular. Buna görə də nəticə üçün uşaq futbolundan başlamaq lazımdı. Amma bizdə bu sahədə ciddi problemlər var. Nə qədər uşaqların yox, məşqçilərin marağı əsas götürüləcək, o zaman heç bir irəliləyiş olmayacaq. Azərbaycan futbolu təməl prinsiplərindən çox uzaqdı. Bu səbəbdən də bizdə yüksək texnikalı oyunçular yoxdu. Bunu aradan qaldırmaq üçün uşaq futbolundan başlamaq, onların maraqlarını təmin etmək lazımdı.
- Ötən illərə nəzər saldığınız zaman futbolumuzda irəliləyiş hiss edirsiz? Ya əvvəl vəziyyət daha yaxşı idi?
- Azərbaycan futbolunda heç bir irəliləyiş yoxdu. Hansı işimizlə bunu sübut edə bilərik? Əvvəllər çox gözəl klublarımız vardı. “Qəbələ”, “Xəzər Lənkəran”, AZAL, “Bakı”, “Simurq”, “İnter” kimi güclü oyun göstərən komandalar olub. Bunların hər il biri “altılığ”a qalırdı. İndi onlar yoxdu. Hadisələrin indiki axarında nə klublardan, nə də millimizdən yüksək nəticə gözləmək olar.
- Ölkəmizi avrokuboklarda 4 komanda təmsil etdi: “Neftçi”, “Sumqayıt”, “Qarabağ”, “Keşlə”. Onların çıxışını necə dəyərləndirirsiz?
- Futbolumuza baxmasam da, məşqçilərin mətbuat konfranslarını çox diqqətlə izləyirəm. Çünki onlar bilmədən olsa da, oyunlarına özləri həqiqi qiyməti verirlər. Hamı öz diliylə səviyyəsini sübut edir. Son ölkə çempionundan başlayaq. Baş məşqçi dedi ki, “Neftçi” avrokuboklara hazır deyildi”. Bu sitatla Samir Abasov komanda ilə öz yerini səhv saldı. Əslində flaqman hazır idi, amma onu düzgün hazırlaşdıran olmadı. Avrokuboklar bizə görə deyilsə, nəyə görə bunun uğrunda bir il gərgin mübarizə aparırlar? Vəsiqəni qazanırıqsa, amma qazanmamağımız ondan yaxşıdısa, nə əhəmiyyəti var? O rəqiblərlə mübarizədə mərhələni adlaya bilmirsənsə, orda nə işin var? Onda elə Azərbaycan çempionatında oyna da. Tövsiyə edərdim ki, avrokuboklara çıxan klublarımız oyun üslublarını dəyişsinlər. Çünki orda çox başqa səviyyədə futbol oynanılır. Bunun canlı şahidi oluruq. Axıcı taktika qurulmalıdı. Oyuna nəzarəti əldə saxlamaq lazımdı. Xətlərarası əlaqənin düzgün qurulması taktikadan daha vacibdi. Amma iki bərabər səviyyəli rəqib qarşılaşırsa, axıcı oyun sxemi qurulmalıdı. “Neftçi” parakəndə, dağınıq futbol oynayır. Rəqiblər də bundan yaxşı istifadə etdi. “Ağ-qaralar”ı keçidlərdə tutdular. İndi hamının əlində bəhanəsi var. Bəhanə yox , nəticə lazımdı. Biz də o problemləri görürük. Amma sən bunları həll edə bilmirsənsə, niyə o komandanı çalışdırırsan? Problemləri görüb, detallar üzərində işləyərək oyununu yaxşılaşdırsansa, yaxşı məşqçisən. Öz məsələni həll edə bilmirsən, durub rəqibini təhlil edirsən. Əlli problemin var. Komandan ardıcıl 2 ötürmə verə bilmir. Hücum qura bilmirsən. “Neftçi” avrokuboklarda neçə oyuna çıxdı, amma cəmi bir qol çoxgedişli hücumun nəticəsi idi. “Sumqayıt” da Azərbaycana görə fərqli oyun nümayiş etdirir. Ayxan Abbasov ağıllı mütəxəsissdi. Amma Azərbaycanda futbol yoxdu. Ayxan müəllimin də yeri bura deyil. “Keşlə”də Sənan Qurbanov uzun müddətdi bu işin içindədi. Həm özü yaxşı futbolçu olub, həm də savadlı məşqçilərlə çalışıb. Çoxdan özünün bir üslubu olmalı idi. Amma o, hələ də Roman Qriqorçukla məsləhətləşərək oyun oynadır. Futbola baxışını dəyişməlidi.
- Premyer-liqanı izəmədiyinizi vurğuladız. Yaxın müddətdə ölkə çempionatının hansısa oyununa qısa da olsa, baxmısız?
- Ötən dəfə “Zirə” - “Neftçi” oyunun izlədim. Burda ardıcıl üç ötürmə belə yoxdu. İkincidən sonra top itirilir. Rəşad Sadıqov pressinq futbolu oynatmaq istəyir. Amma bu üslubda vacib olan topu almaq yox, topa sahib olmaqdı. Hücum qurmaqda çətinlik çəkir. Azərbaycanda futbolun nəbzini Tərlan Əhmədov tutmuşdu. “Keşlə”də çalışdığı zaman rəqiblərini əks-hücumda tuturdu. Bu bizim çempionatda keçərli ola bilər. Çünki əks-hücuma qarşı təzyiq göstərmək futbolumuzda hələ inkişaf etməyib. Bunu bacarsa, Qurban Qurbanov bacarar.
- Sonda futbol ictimaiyyətinə nə demək istəyirsiz?
- Futbola kompleks yanaşmaq lazımdı. Tək güc hər şey deyil.