Bir müddət bundan öncə "Qarabağ"ın hücumçusu Nəriman Axundzadənin U-21-in düşərgəsində intizamsızlıq etməsi və bu üzdən də baş məşqçi Samir Əliyev tərəfindən düşərgədən uzaqlaşdırılması haqda məlumatlar yayılmışdı. Məlumata görə, gənc futbolçu zədəsini əsas gətirərək U-21-in məşqinə qatılmaqdan imtina edir. Lakin millinin həkimlərinin müayinəsindən sonra futbolçuda heç bir zədə olmadığı aşkarlanır. Bununla belə futbolçu zədəsi olduğunu israr edir və Samir Əliyev də bu hərəkətinə görə onu millinin heyətindən kənarlaşdırır. Həmin hadisədən bir neçə gün sonra isə futbolçu "Qarabağ"ın heyətində "Qalatasaray"la yoldaşlıq matçında forma geyinir və həqiqətən də ciddi heç bir zədəsinin olmadığı ortaya çıxır.

Rekord.az məhz bu olayla bağlı ilk dəfə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovdan münasibət öyrənir.

Təcrübəli mütəxəssis yayılan məlumatların həqiqətə uyğun olmadığını bildirir: "Bu məsələ ilə bağlı yayılan informasiyalardan xəbərim yoxdur. MƏhz bu cür məlumatlar yayılıbsa, sizə deyim ki, tamamilə yalan məlumatdı. Həmin vaxt bizim milli komanda ilə söhbətimiz belə olmuşdu ki, Nəriman "Qalatasaray"la oyunda bizə lazımdı və həmin gün U-21-in yox, klubun düşərgəsində olmalıdır. Yəni aramızda belə razılaşma olduğu üçün Nəriman klubun heyətində "Qalatasaray"a qarşı oynadı. Zədə və digər məsələlərlə bağlı deyilənlər doğru deyil".