Qurban Qurbanovdan tarixi rekord
- 25 Noy 2019 15:41
- 863
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov yeni rekorda imza atıb.
Rekord.az xəbər verir ki, Premyer Liqanın 12-ci turunun “Sumqayıt”la qarşılaşması 47 yaşlı mütəxəssisin Azərbaycan çempionatlarında baş məşqçi postunda 382-ci matçı olub. Bununla da, Qurbanov yarışın tarixində ən çox oyun keçirən mütəxəssis adına yiyələnib.
2006-cı ildə “Neftçi”də debüt edən çalışdırıcı 2006/07 və 2007/08 mövsümlərində komandanı 28 qarşılaşmaya çıxarıb. 2008-ci ildən baş məşqçisi olduğu “Qarabağ”la 354 dəfə çempionat oyununda iştirak edib.
Qurbanov müxtəlif illərdə “Viləş”, “Şəmkir”, “Masallı” və MOİK-in baş məşqçisi kimi yüksək dəstədə 381 oyun keçirən Qəhrəman Əliyevin rekordunu arxada qoyub.
“Sumqayıt”la görüşdə 1:2 hesabı ilə məğlub olan “Qarabağ”ın 31 oyunluq məğlubiyyətsizlik seriyası qırılıb. Sonuncu dəfə 2018-ci il oktyabrın 28-də “Neftçi”yə 1:3 hesabı ilə uduzan ağdamlılar, 390 gündən sonra çempionat matçında xal qazanmayıb. Bu seriya Azərbaycan çempionatları tarixinin mütləq rekordudur.