Qurban Qurbanovla Mahmud Qurbanovun bu bacarığından xəbəriniz var idi?
- 25 May 2020 16:00
- 842
Millimizdə Karlos Alberto Torres baş məşqçi işləyəndə futbolçular üçün loto yarışlarını tez-tez keçirərdi”.
Rekord.az xəbər verir ki, bu sözləri millimizin sabiq futbolçusu Mahir Şükürov deyib.
2004-cü ildə Latviyanın paytaxtı Riqaya səfəri zamanı mərhum braziliyalı məşqçinin futbolçularımıza loto yarışı keçirməsinin görüntüləri yayılıb.
Şükürov bunun ənənəvi hal olduğunu bildirib: "Biz milli ilə hər təlim-məşq toplanışında loto oynayırdıq. Futbolçular həvəslənsin deyə, uduşa hər şey qoyurdu.
Belə bir təklifin baş məşqçi və ya köməkçiləri tərəfindən gəldiyini deyə bilmərəm. Amma onu deyə bilərəm ki, çox əylənirdik. Oyundan qabaq həyəcanımız qalmırdı.
Bakıda oteldə qalarkən oyunlara uduş kimi maqnitofon, video, tozsoran qoyurdu. O vaxt video, maqnitofon hər adamda olmurdu. Amma Torres təşkil etdirirdi. Çox maraqlı idi. Riqaya bu boyda əşyaları apara bilməzdi. Ona görə də səfərlərdə uduşların əşyası da kiçik olurdu”.
Avropa çempionatına vəsiqə qazanmış Latviya ilə 2:2 hesabı ilə başa çatan oyundan öncə loto yarışının qalibi Mahmud Qurbanov, Emin Ağayev və Ruslan Musayev olub.
Hazırda "Neftçi”nin əvəzedici komandasının baş məşqçisi olan Mahmud Qurbanov loto yarışının qalibi kimi AFFA-nın boşqab suvenirini udub. Bəs lotoda ən çox bəxti gətirən kim olub?
"Ən çox Emin Ağayev qalib gəlirdi. Rafael Əmirbəyov, Qurban Qurbanov, Mahmud Qurbanov da lotonu yaxşı oynayırdı. Mən isə heç vaxt qalib olmamışam”, – deyə Mahir Şükürov bildirib (oxu.az).