Ramin Musayevin futbola gəlişi ilə mənim jurnalistikaya gəlişim demək olar, eyni dönəmə təsadüf etdi. Çox vaxt irad tuturdular ki, futbol adamı deyil. Belə baxanda, Azərbaycan futbolunda rəhbər post tutan neçə futbol adamı var ki? Barmaqla saysaq, 1-2 nəfər ola, ya olmaya. Amma mən onu həm insan, həm də futbol funksioneri kimi yalnız müsbət mənada xatırlayacam. Səhvləri, nöqsanları olub, təbii, buna görə tənqid də olunub. Amma böyük planda futbola ziyanı dəyməyib. Xeyiri isə çox olub. Qurban Qurbanov kimi məşqçini Azərbaycan futboluna qazandırması, onun ən böyük uğurudur. "Neftçi" ilə “Pünik” zəfəri” də bir başqa tarix.

 

Çempionatda komanda sayının artmasını, bölgə komandalarının Premyer Liqaya gəlişini hər zaman istəyirdi. Lakin məlum qüvvələr buna imkan vermirdi. Musayev hər kəslə səmimi idi, özünü dartıb dağın başına qoymurdu. İdman mediasına da çox böyük dəstəyi olmuşdu. Azərbaycan futbolunda pul xəzəl kimi axanda yeganə futbol adamı idi ki, medianın da bu durumdan faydalanması üçün maksimum addımlar atdı. PFL yeni fəaliyyətə başlayanda media ilə reklam əməkdaşlığı edirdi. Səbəb az da olsa, mediaya dəstək olmaq idi. Lakin sonradan Elxan Məmmədov Rövnəq Abdullayevə demişdi ki, sənin dostun mediaya reklam verir, onlar da bizi tənqid etdir. Bundan sonra Abdullayev Musayevə tapşırıq vermişdi ki, media ilə reklam əməkdaşlığını dayandırsın.

 

Musayev medianın istər ölkə daxilində, istərsə də ölkə xaricində dəfələrlə səfərlərini təşkil etmişdi. Məhz PFL-in xətti ilə idman jurnalistləri hər qış böyük heyətlə Antalyaya yollanır, bütün klublarımızın qış hazırlığını yaxından izləyib, işıqlandırırdı. Belə baxanda, media futbol hakimlərləri ilə birgə səfərə gedir, onlarla eyni oteldə qalırdı. Məntiqlə də ilk növbədə hakimlərin hazırlığı işıqlandırılmalı idi. Amma Musayev heç vaxt belə bir şərt qoymurdu. Hətta bir dəfə yadımdadı, “Xəzər Lənkəran”ın hansısa Rumıniya klubu ilə oyunu var idi, həmin gün də güclü yağış yağırdı. Musayev biləndə ki, jurnalistlər həmin oyuna baxmaq istəyir, dərhal maşın təşkil edib, hamını həmin oyuna apardı. Belə baxanda adam deyərdi ki, mən PFL-əm, siz də hakimlərlə birgə bura gəlmisiniz “Xəzər Lənkəran”dan mənə nə, getmək istəyən cibinin pulu ilə getsin. Amma dediyim kimi, o tam əksini etdi. Deyim ki, jurnalistlərin qaldığı otel Lara bölgəsində, oyun isə Belekdə idi. Olanlar bilir ki, bu iki məkan arasında xeyli məsafə var. Özü də tam səmimi deyirəm, adam bir dəfə deməzdi ki, ya filan şeyi yazın, ya yazmayın. Əksinə, deyirdi ki, səhvimi görsəniz, məni də tənqid edin. Hakimlərin hansısa nöqsanını gördünüz onu da yazın ki, məsuliyyət hiss etsinlər. Yəni bütün bunların üstündən xətt çəkmək, gözrməzdən gəlmək, danmaq, inkar etmək öz adıma deyirəm, riyakarlıq olardı.

 

Musayevin dönəmində medianın Azərbaycanın bölgələrinə də kifayət qədər səfərləri təşkil olunub. Qəbələ, Gəncə, Zaqatala, İmişli, Ağsu, Şəmkir və s. Premyer Liqa, I Divizion, Azərbaycan kuboku, fərqi yoxdur, böyük avtobus ayırardı ki, jurnalistlər gedib bölgədəki oyunları da izləyə bilsin. Maraqlıdır ki, onsuz da böyük xərc çəkib xeyli jurnalisti bölgəyə aparan PFL bununla kifayətlənməyib, jurnalistlərin daha yaxşı işləməsi üçün stimul da yaradırdı. Səfərlə bağlı yazılan yazılar, xəbərlər PFL-ə təqdim olunurdu və səfəri daha yaxşı işıqlandıran, daha yaxşı iş ortaya qoyan jurnalistlər 1-ci, 2-ci, 3-cü yerin sahibləri kimi pul mükafatına da layiq görülürdü. PFL-in müxtəlif sponsorlarla əməkdaşlığı sırasında Musayev heç vaxt median kənarda saxlamazdı. Təbii ki, başda Aslan Şahgəldiyev olmaqla, onun ətrafında mükəmməl bir komanda da var idi. Xalid, Emil, Elgiz və digər uşaqlar. PFL kollektiv olaraq, mükəmməl bir qurum idi. "İdi" niyə deyirəm, bu qurumun bundan sonra necə fəaliyyət göstərəcəyini bilmirəm. Mən səlahiyyət sahibi olsam, Musayevin yerinə düşünmədən Aslan Şahgəldiyevi təyin edib PFL-i etibarlı əllərə həvalə edərdim. Təəssüf ki, səlahiyyət sahibləri başqa şəxsə üstünlük, verdi. Kimdir, necə adamdı, işini necə quracaq, media ilə necə işləyəcək, bilmirəm. CV-dən də görünür ki, savadlı şəxsdi, filalogiya elmləri namizədi filan. Lakin futbol adamı deyil. Futbolda xüsusi bir fəaliyyəti, naliyyəti yoxdur. Yenə də işinə zamanla qiymət verilməsinin tərəfdarıyam. Çünki Musayev də futbol adamı deyildi. Amma nə olur olsun, Musayevin “bajıoğlu”lu dönəmi bir başqa dönəm idi və çətin ki, o dönəm bir daha olsun. Həyatının bundan sonrakı dönəmində uğurlar, Ramin Musayev!