Son günlər Azərbaycan futbolunda gündəm olan məsələlərdən biri də heç şübhəsiz Musa Qurbanlının İsveçin "Yurqorden" klubuna transferidir.  Bu transfer haqda çox danışıldı, Musanın seçimi, getdiyi ölkə, oynayacağı klub və s. Düzgün hesab edənlər də oldu, Musanı daha güclü çempionatlara getməməkdə qınayanlar da. İstənilən halda, ortada bir müsbət məqam var: azərbaycanlı futbolçui Avropa klubuna transfer olundu. Əslində bu yazıda Musanın seçimi və İsveçdəki perspektivi haqda yazmaq, proqnoz vermək fikirində deyiləm. Toxunmaq istədiyim məsələ başqadır.

 

Bu gün Azərbaycan futbolunun əsas problemlərindən biri yerli futbolçuların ölkə xaricinə çıxa bilməməsidir. Az-çox gedənlər də qısa zamanda möhkəmlənə bilməyib geri qayıdırlar. İstedadı olan bir çox futbolçu isə, ümumiyyətlə, legioner həyatı yaşamaq haqda düşünmürlər. Bu da təbiiidir, çünki evin içində kifayət qədər yüksək maaş alırlar və buna görə də özlərinə əziyyət verib qırağa çıxmaq haqda düşünmürlər. Musa Qurbanlının "Yurqorden"ə transeri bu mənada həmin gənclərə mesaj olmalıdır. Qurban Qurbanov tərəfindən verilən mesaj. Hər kəs razılaşar ki, "Qarabağ" hazırda bütün mənalarda ölkənin ən güclü klubudur və istənilən gənc futbolçu arzulayır ki, bu klubda forma geyinsin. Hansı ki, Musa artıq bu şansı qazanıb və özünü də artıqlaması ilə doğuruldub. Adam çempionatın bombardirlərindən biridir. Bu gedişlə "Qarabağ"dakı gələcəyi də çox rəvan görünürdü. Ölkənin ən güclü və ən varlı klubu, yaxşı şərait, yüksək maaş, bir sözlə, istənilən azərbaycanlı gənc futbolçunun arzuladığı ortam. Bəlkə də bu şansı əldə etməyən hansısa gənc futbolçu, Musanın həmyaşıdı kənardan baxıb, "bunun ağlı yoxdur ki" fikirinə düşə bilər. Amma Qurban Qurbanov Musanı İsveçə göndərməklə həmin futbolçulara, ümumiyyətlə "5 manat olsun, evimin içi olsun" düşüncəsində olan hər kəsə sübut etdi ki, yaxşı futbolçu olmaq, Avropa səviyyəsində futbol oynamaq üçün ölkədən kənara çıxmalısan. Hətta İsveç olsa belə. Bu gün "Yurqorden"lə "Qarabağ"ı müqayisə etmək olmaz. Ağdam təmsilçisi hər il mütəmaddi olaraq avrokubokların qrup mərhələsində oynayır. Hansı ki, "Yurqerdon"un belə bir şansı hələ ki, yoxdur. İndiki halda Musa avrokubokların qruplarında davamlı oynayan bir klubdan belə bir şansı az olan kluba gedir. Amma əsas düşüncə bu deyil, gələcək daha parlaq pespektivdir. Sən bu gün özünü "Yurqerdon"da yaxşı tərəfdən göstərib sabah AİK, "Höteberq", "Malmö" kimi daha güclü, adlı-sanlı klubların diqqətini çəkə bilərsən. Eləcə də unutmayaq ki, İsveç daha güclü futbol ölkələri sayılan Almaniya və Danimarkaya yaxındır. Əsas olan bu düşüncədə olmaqdı. Qurban Qurbanov həm də evi, ailəni, "evdən uzaq qala bilmirəm" deyənlərə də mesaj vermiş oldu. Unutmayaq ki, Musa Qurban Qurbanovun yeganə oğul övladıdır və onu 20 yaşında uzaq İsveçə legioner həyatı yaşamağa göndərir. Bir sözlə, ölkənin bütün gənc və perspektivli futbolçuları bu transferdən nümunə götürməli, nəhayət ki, futbolçu kimi potensiallarının Azərbaycandan kənarda olduğunu dərk etməlidir.

 

Anar XANLAROV