“Son illər həmişə ən yaxşılardan olmaq, liderliyi qoruyub saxlamaq istəmişik”.

Rekord.az xəbər verir ki, bunu lent.az-a müsahibəsində “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Ardıcıl 7 çempionluqdan sonra ötən mövsüm qızıl medallar uğrunda mübarizədə “Neftçi”yə uduzan Ağdam klubu titulunu qaytarmaq niyyətindədir. Qurbanov qarşıya qoyduqları hədəfin məhz bu olduğunu bildirib.Təcrübəli mütəxəssis çempionluq yarışında əsas rəqiblərinin yenə “Neftçi” olacağını düşünür: “Məqsədimiz maksimum çalışıb, birinci yeri tutmaqdır. Əlbəttə, bunu istəyən komanda çoxdur. Hazırda “Neftçi” birincilərdəndir. Keçən mövsüm daha çox “Neftçi” ilə bizim aramızda mübarizə getdi. Hələlik digər komandaların qarşılarına qoyduqları hədəfləri bilmirəm. Ola bilsin hansısa klub yeni sponsor tapıb, daha yaxşı heyət formalaşdırsın və yüksək hədəfləri olsun. Bunu yəqin ki, mövsümün startına az müddət qalmış təxmin edə biləcəyik. Amma görünən odur ki, daha çox “Qarabağ”la “Neftçi” arasında mübarizə gedəcək”.