Münahisəli hakim qərarları ilə zəngin olan "Neftçi" - "Sumqayıt" matçı haqda bir qədər geniş.

Əslində bu cür hava şəraitində, bu cür şərtlər altında, buz meydançanın üzərində hansısa baxımlı futboldan, düşünülmüş hücumlardan, texnikalı oyundan danışmaq mənasızdır. Futbolçular sadəcə, mübarizə aparırdı. Bununla belə, hər iki komanda futbol oynamağa çalışdı. Şəxsi fikirimə görə, 0:0-lıq oyun idi. Amma "Neftçi" qazandı. "Haqsız qələbə" demək olmaz. "Sumqayıt" da qazansa, eyni fikiri deyəcəkdim.
Samir Abasovla bağlı fikirlərimi ilk gündən deyirəm, bu gün də sözlərimin arxasındayam. Yaxşı məşqçidir, "Neftçi"ni çətin durumdan çıxardacaq. Komandanı qələbəsiz qəbul etmişdi, bu gün artıq "Neftçi" 27 xal toplayıb və 5-ci pillədəki "Sabah"la xal fərqini 5-ə qədər endirib.
Vaqif Cavadov haqda da təyinatının ilk günlərindən xoş sözlər demişəm. Amma "Şamaxı" ilə oyundan sonra dediklərim də özünü təsdiq edir. Komada qol vura bilmir və bu mənada məşqçinin həll etməsi vacib olan problemlər var. Cavadov israrla problem olmadığını desə də, "Şamaxı", "Zirə" və bu günkü "Neftçi" matçı da problem olduğunu isbatladı. Komanda Premyer Liqanı tərk etmək təhlükəsini hiss edir, Cavadov isə yenə inadkarlıq edir, problem olmadığını deyir, hətta bu yöndə sual verən jurnalistlərə aqressiv yöndən yanaşır. Olmaz bu cür yanaşma. Fikirini kənardan toplayıb komandaya yönəltmək və qolsuzluq problemini ən qısa zamanda həll etmək lazımdı.
İndi də gəlim hakimliyə. Bundan əvvəlki qısa statusumda yazdığım fikirlər yerində qalır. Tural Qurbanovun şəxsiyyəti ilə işim yoxdur. Yaxşı oğlan ola bilər, savadlı, başqa sahədə xüsusi bacarığa da sahib ola bilər. Amma futbol hakimliyi onluq deyil. Zorla, məcbur şəkildə kimlərinsə bunu isbatlaması çox uğursuzdu. Alınmır da qardaş, bu adamda alınmır. Buna qədər idarə etdiyi oyunlarda da kifayət qədər ciddi səhvləri olub. Konkret bugünkü idarəçiliyi də bərbad. Söhbət tək son dəqiqədə təyin olunan penaltidən getmir. Ona qədər edilən səhvlər saysız-hesabsız idi. Olan qayda pozuntusunu vermir, olmayanı verir. Aşkar vərəqəlik epizodlara göz yumurdu. Adam meydançada belə yerini tapa bilmirdi. Məsələn, 64-cü dəqiqədə "Sumqayıt" hücuma çıxan zaman gedib onların iki futbolçusunun ortasında dayandı. Yəni hakim olaraq girdi epizodun içinə. Nəticədə Kehatın ötürməsi ona dəydi və oyun öncə dayandı, daha sonra hakim atışı ilə davam etdi, "Sumqayıt"ın əks-hücumu yarımçıq qaldı.
77-ci dəqiqədə "Sumqayıt"ın hücumu zamanı Mustafa Sek cərimə meydançası daxilində Cəsurbək Cəlaləddinovun ayağını tapdalasa da hakim qayda pozuntusu qeydə almadı. VAR da bu epizoda susdu.
80-ci dəqiqədə yenə "Sumqayıt"ın hücumu zamanı Bobir Abdixolikov Höccət Haqqverdidən sıyrılsa da, Höccət cərimə meydaçası daxilində aşkar şəkildə onu əli ilə tutub saxladı. Hakim burada da qayda pozuntusu qeydə almadı və VAR yenə susdu.
82-ci dəqiqədə "Sumqayıt"ın növbəti hücumu zamanı yan xətt hakiminin gözü qarşısında "Neftçi"nin müdafiəçisi qaydanı aşkar şəkildə pozsa da həm yan xətt hakimi,. həm də Tural Qurbanov "davam" qərarı verdi. "Neftçi" topu ələ keçirib hücuma çıxan zaman bu dəfə "Sumqayıt" futbolçuları qaydanı pozdular. Hakim bu epizoda da "davam" işarəsi verdi.
91-ci dəqiqədə "Sumqayıt"ın müdafiəçisi Murat Xaçayev cərimə meydançası daxilində "Neftçi"nin futbolçusu Murad Məmmədovun ayağını aşkar şəkildə tapdalasa da baş hakim bu epizodda da penalti təyin etmədi. Və VAR bu epizoda da susdu. Qısası, VAR bu oyunda yox kimi idi. Baxmayaraq ki, orada İnqilab Məmmədov kimi təcrübəli hakim oturmuşdu. İndi bilmirəm, VAR işləmirdi, yoxsa İnqilab VAR-ın başını buraxmışdı.
Nəhayət, son dəqiqədə verilən penalti. Əvvəl sadaladığım epizodlarla müqayisədə daha yüngül epizod idi. Yəni o epizodları buraxan hakimin belə bir epizoda penalti verməsi anlaqsız qərar idi. Bəli Elvin Bədəlov epizodda çox köntöy oynamışdı, bir təcrübəli müdafiəçi bir gənc hücumçuya qarşı oyunda topa o cür getməməlidir. Deyim ki, təmas yox idi, yox, təmas da var idi. Amma bu təmas penalti üçün yetərli idimi? Bax sualı budur. Əgər Tural Qurbanov bunu yetərli sayırsa, o zaman yuxarıda sadaladığım 3 epizodda da penalti verməli idi...

Anar XANLAROV