Qusar Olimpiya İdman Kompleksində “Quba - İdman Paytaxtı 2024” çərçivəsində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin, Azərbaycan Bilyard Federasiyasının və Qusar Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə ilk dəfə bilyard idman növü üzrə açıq turnir keçirilib

Rekord.az xəbər verir ki, yarışın açılış mərasimində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Azərbaycan Bilyard Federasiyasının prezidenti Seymur Məmmədov və Qusar Olimpiya İdman Kompleksinin direktoru Elşən Məmmədov iştirak edib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxışlarda belə bir yarışın bilyardın kütləviliyi baxımından əhəmiyyəti vurğulanıb və turnir iştirakçılarına uğurlar arzulanıb.

Baş hakim Kənan Məmmədov oyunçuları qaydalar barədə məlumatlandırdıqdan sonra mübarizəyə start verilib.

24 bilyardçının olimpiya sistemi ilə yarışdığı turnirdə qalib adını Afəz İbrahimov qazanıb. O, finalda Rövşən Şixəliyevi məğlub edib. Yarımfinalda uduzan Zöhrab Zalov və Radik Uspatov isə üçüncü yerin sahibləri olub.

Qaliblərə Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin medal və diplomları, Azərbaycan Bilyard Federasiyasının isə qiymətli hədiyyələri təqdim olunub. Eyni zamanda qalib oyunçu kubokla mükafatlandırılıb. Digər iştirakçılar isə sertifikatla təltif olunublar.