Qusar rayon Olimpiya İdman Kompleksində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Qusar rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə 8 noyabr - Zəfər Gününə həsr olunmuş sambo güləşi üzrə Qusar rayon birinciliyi keçirilmişdir.

Rekord.az xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Yarışlarda Qusar rayonu üzrə gənclər və idman sektorunun müdiri Emil Əmirmətov, Qusar Olimpiya İdman kompleksinin direktoru Elşən Məmmədov və digər idman ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Qonaqlar öz çıxışlarında idmançılara Vətən müharibəsinin əhəmiyyəti və 44 gün davam edən döyüşlər Müzəffər Azərbaycan Ordusunun düşmən üzərində möhtəşəm qələbəsi ilə başa çatması barədə məlumat vermişlər.

Yarışlarda 70 nəfər idmançı iştirak etmiş və sonda qalib idmançılar Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin müvafiq dərəcəli diplom və medalları ilə mükafatlandırılmışlar.