Milli ruh, milli ideologiya, təbliğat bir günlük, iki günlük olmur. Onilliklərlə, əsrlərlə dövlətçiliyi, xalqı düşünərək strateji olaraq davamlı həyata keçirilir. Zaman-zaman taktiki uğursuzluqlar da yaşana bilir. Bu, əsas məqsəddən geri çəkilmək, məğlub olmaq anlamına gəlməməlidir...

Yəhudilərin 2 min(!) il dövlətləri olmayıb, Azərbaycan parçalanmalardan, müharibələrdən imperiyaların təzyiqlərindən keçərək bir əsr öncə müasir dövlətini qurub. Napoleon Moskvanı yandırıb, viranə qoyub, Hitler iki addımlığında dayandırılıb, hər ikisi evlərinə kimi qovulub...

Avropa, Amerika, Rusiya tarix boyu Yaxın Şərqi, Asiyanı bir-birinə vurub. Osmanlılar, əmir teymurlar birləşmək əvəzinə qərbin, şimalın hiyləsiylə bir-birilərini qırıb. Rus tarixçi, hərbi ekspertlərinin rəyinə görə Teymurləng Moskvaya hücum etsəydi, Volqa sahillərindən geri qayıtmasaydı, bu gün Rusiya olmayacaqdı...

Tarixdən çox belə nümunələr gətirmək olar. Bunlar bizim işimiz deyil. Hər sahənin öz biliciləri var. Ümumilikdə isə bütün sahələrdə milli yanaşma, vahid ideologiya bir olmalıdır. Xırdalı-böyüklü hamısı bir-birinə sıx bağlıdır. Futbolda olduğu kimi, kiçik strateji-taktiki yanlışlıq sonda komandanı çempionluqlardan, kuboklardan edir, qələbələrsiz qoyur. Böyük anlamda torpaqlar itirildiyi kimi...

İllərdi, aylardı xalqımıza, qəhrəmanlarımıza qarşı olmazın qarayaxma kampaniyaları aparılır, unutdurulur, millətin ruhuna məğlub psixologiyası yeridilir. Düşmənlər, kəşfiyyat, əks-kəşfiyyat gecə-gündüz çalışır, sapı özümüzdən olan baltalar öz işindədir. Mahiyyətinə varmayan, küyə gedənlər də olur...

Səbəb birdir, milli-ideoloji təbliğat yerində deyil.
Yerində olması üçünsə, milli ruhu, xalqı, dövlətçiliyi düşünən beyinlər yerində olmalıdır. Ölkənin 10 illərdi təbliğatını aparanlar, təhlükəsizliyini, mədəni-tarixi irsini qoruyanlar, bu gün obyektlərini, var-dövlətlərini təhvil verməklə, gizlətməklə məşğuldurlar...

Vaxtilə Avropada Ağdamın işğalının 20 illiyini Çempionlar Liqasının rəsmi oyununda bir dəqiqəlik sükutla qeyd edənlər çoxdandır futbolda deyillər. Rəqib azarkeşlərin bir siyasi banerinə görə bütün Gürcüstanı ayağa qaldıranlar, baş nazirlərindən tutmuş, digər dövlət rəsmilərinə kimi üzr istədənlər də çoxlarına sərf etmir...

UEFA-dan rəsmi razılıq alınmış, yerlilərlə razılaşdırılmış halda, sapı özümüzdən olan baltalar Tbilisi stadionunda, aralarında minlərlə erməni olan 20-30 min azarkeşin ayağa qalxmasına, şəhidlərimizin ruhunu ehtiramla yad edilməsinə imkan vermədilər. Bu gün də onlar vəzifələrdə, iş başındadılar...

Müharibə bölgəsinə sevə-sevə gedib oynayardıq. Quzanlıdan isə Ağdama piyada da getmək olardı. Milli ruh oyanır, insanların gözünə işıq gəlirdi. Heç şübhəsiz, o anlarda tribunalarda minlərlə azarkeşə, stadionda olanlara silahlar paylanılsaydı, "İmarətə" kimi getməyə, canlarından keçməyə hazır idilər...

Quzanlı stadionunda nəticədən asılı olmayaraq heç bir insindent yaşanmırdı, hər kəs harada olduğunu dərk edirdi. Azarkeşlərin çılğın, qalibiyyət sədaları səngərlərə kimi gedib çıxırdı. İmkan vermədilər... İndi nəinki "Neftçi", "Xəzər Lənkəran", "Bakı", "Qəbələ", "İnter", "Simurq", "Sumqayıt", heç "Qarabağ"ın əvəzediciləri Quzanlıda oynamır...

Füzulinin 5-10 kilometrliyində döyüşlər gedə-gedə "Ərgünəş" dolu tribunalar qarşısında futbol oynayırdı, stadionun üzərindən "kobra"larımız düşmən üzərinə şütüyürdü. Cəbrayılda "Xudafərin" qonaq komandaları məğlub etmək üçün yox, doğmaları kimi qarşılayırdılar. Bərdədə bir tribunada "Bərdə batalyonu", digər tribunada "Ağdam batalyonu" "Pambıqçı"-"Qarabağ" oyununu seyr edib, döyüşə gedirdilər...

Düşmən hiyləgərdi, bir günlə yaşamır. Əsrlərdi məqsədlərinə çata-çata hər dəfə 40-50 illik atəşkəs elan edirlər, kirvələşirlər, "dost" olurlar. Əsla milli mənafelərini unutmurlar, növbəti həmlələr üçün güc toplayırlar, kəşfiyyatçı "ana südlərini" yeridirlər, gələcəyin yeni "azərbaycanlılar"nı yetişdirirlər. Xeyirxah, sadəlövh, qonaqpərvər, unutqan xalqımız hər dəfə də düşmənə əl uzadır...

Düşmən heç vaxt boş oturmur. "Qarabağ"ın Avropa uğurlarındakı təxribatlar, Londonda, Lüksemburqda qondarma bayraq oyunları... Bunlar təsadüf deyil, öncədən planlaşdırılmış, hazırlanmış ssenarilərdir. Azərbaycan futbolunda milli ruhun hansı səviyyədə olduğunu hər kəs bilir...

Qarabağımızı milli pasportumuzu daşıyan endukalar, axtyamovlar, eddilər, popoviçlər geri qaytarmayacaq. Azərbaycan futbolunda yeni-yeni allahverdi bağırovlar, yuri kovalyovlar yetişməlidir. Mübarizlərimizə, ramillərimizə qarşı yönələn təxribatlar da təsadüfi deyil. Ən güclü silah-ideoloji silahdır!

Milli maraqlara xidmət edən, mərkəzləşdirilmiş, vahid, strateji milli xətti yaratmaq əvəzinə, indi də ermənilərin diqtəsi, siyasəti ilə ortaya "dostluq" toxumu səpilir. Bölgələrimizi məhv edənlərə, "qardaşlıqdan" dəm vuranlara nə Ağdam, heç Qarabağ da lazım deyil. "Ermənilər düşmənimiz deyil" devizi altında rahat "Bakı birinciliyi", İsveçrəyə səyahətlər daha sərfəlidir...

Böyük futbolsuz qalmış Lənkəran, Yevlax, İmişli, Zaqatalanın müasir stadionları, Şirvanda illərdi yarımçıq saxlanımış stadion inşası, Quzanlıya, Mərcanlıya, Qazaxa qayıtmaq müzakirə edilməli, davamlı gündəmdə saxlanılmalıdır. "Bakı"nın viranə qoyulan bazası isə Azərbaycan futbolunda göz dağına çevrilir...

Düşmən tək siyasətdə saxtakarlıqla məşğul olmur. Xankəndi komandasının yaranma tarixi 27-ci il göstərilir. Bir tarixi səhvləri olub, komandaya verilən "Qarabağ" adı. Bu ad kökünə qədər bizə aiddir. Varis kimi isə 20-ci illərə kimi gedib çıxırlar. "Neftçi" varisliyi qəbul etməyib 37-dir, Ağdamlıların emblemində 87, "Xəzər Lənkəran"da 2004-dür...

Bizlər vaxtilə Ağdamda "Şəfəq"ə, Lənkəranda "Xəzər"ə qarşı futbol oynamışıq, bu şəhərləri təmsil edən komandalar yeni yaradılmayıb, o komandaların varisləri, davamçılarıdır. Necə ki, "Neftçi"nin neft komandaları arasında kökü nəinki ötən əsrin əvvəllərinə, 19-cu yüzilliyə gedib çıxır...

Azərbaycan futbolunda daxili qırışma təbliğatı apara-apara, ermənilər 50-100 il sonranı düşünür, hər daşın altına bir saxta imza atır. Zaman gələcək bizlər bu dünyada olmayacayıq, tarixi qeydlər isə qalacaq. Və vaxt gələcək düşmənlər klub "tarixlərini" ortaya qoyub daha "qədim" olduqlarını göstərəcəklər...

Düşmənlər illərdi hər sahədə pillə-pillə işlərini görürlər. 60-larda ll liqada aşağı yer tutan "Qarabağ" Stepankert yerində saxlanılır, daha yuxarıda olan Zaqatala "Daşqın"ı birdəfəlik böyük futbolla vidalaşır, bir daha geri qayıtmır. İdman prinsiplərinə tüpürülür, Moskvanın, yerli futbol nökərlərinin "milli" prinsipləri üstün gəlir. Eyni proses 80-nin ortalarında "Araz" Naxçıvanın da başına gətirilir, ermənilər aşağıda ola-ola üstün gəlir...

67-ci ildə Xankəndində 2 azərbaycanlı yandırılır, 73-də isə şəhərdə daha 5 soydaşımız qumbara ilə partladılır. Bunlar sovet rejimində baş verir. Bu, cinayət deyil, milli terrordur! Ermənilər qorunur, ölüm hökmü çıxarılmır, faktlar ört-basdır edilir. Qeyd olunanlar fərziyyə deyil, xüsusi xidmət orqanlarının arxivində saxlanılan dəlil-sübutlu sənədlərdə əks olunub.

Milli ideologiya üzdənyanaşmalar, təhqirlər üzərində qurulmur. Dərin təhlillər aparılmalı, xalqın özünəinamı qaytarılmalı, sabaha ümid yaradılmalıdır. İctimaiyyət arasında artıq xalqın özü söyülür, daha doğrusu xalq məqsədli olaraq sındırmaq istənilir. Bu, onsuz da mümkün deyil, xalqımız böyük xalqdır, zaman-zaman sarsılsa da, heç bir qüvvə onu əyə bilməz!

Azərbaycanda, futbolda, istənilən sahədə, cəmiyyət arasında, sosial şəbəkələrdə təbliğata, milli ruhun oyanmasına diqqət edilməlidir. Təhqirlərə, qalmaqalların yaradılmasına, bu tipli müzakirələrə son qoyulmalıdır. Düşüncə dərinliyi, analizlər birliyin formalaşmasına, milli oyanışa xidmət etməlidir.

Uğurların təməli ilk öncə strateji-taktiki olaraq beyinlərdə, qərargahlarda hazırlanır. İstər 90 dəqiqə yaşıl meydanlarda olsun, istərsə döyüş səngərlərində düşmən üzərində qələbələr qələbələr görünən son nəticələrdir. Milli ruh, ideoloji təbliğat yerində olarsa, qələbələrimiz də qayıdar, Şuşada da üçrəngli müqəddəs bayrağımız dalğalanar, Xankəndi, Ağdamda avrokubok oyunları da oynanılar...

Azərbaycan xalqı heç vaxt heç kiminlə düşmənçilik etməyib, sülhsevərliyi ilə seçilib.
Düşmənçilik edənlərlə isə bir yol var. Daha ağıllı, hərtərəfli hazırlıqlı olub düşmən önünə çıxmaq. Ehtiyat igidin yaraşığıdır!